“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də “Təhlükəsizlik günü” keçirilib

191

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Təhlükəsizlik günü” keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə ikinci rübdə ASCO-da qeydə alınmış və yan ötmüş hadisələr, daxili audit və monitorinqlər barədə danışılıb. Bununla yanaşı, donanmalar və idarələrdə cari ilin ötən dövrü üzrə keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) statistikası, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Tədbirdə ötən rübdə dünya gəmiçiliyində baş verən qəzalara da nəzər salınıb, onların səbəblərindən bəhs olunub.

Toplantıda KSƏTƏMM-in rəisi Ələkbər Əzizli geniş məruzə ilə çıxış edərək ikinci rübdə görülən işlər və qarşıdakı hədəflər barədə ətraflı məlumat verib. O, ASCO-da təhlükəsizliklə bağlı keçirilən təlimlər və onların əhəmiyyəti haqqında da danışıb. Bildirib ki, maarifləndirmə hesabına hadisələrin sayında azalma qeydə alınıb. Departament rəhbəri müsbət nəticənin əldə olunmasında hadisələrin araşdırılması və təhlilinin də mühüm rol oynadığını xüsusi diqqətə çatdırıb.

“Təhlükəsizlik günü”ndə ikinci rübdə əmək fəaliyyəti zamanı bütün təhlükəsizlik qaydalarına əməl edən ASCO-nun müxtəlif strukturlarında çalışan əməkdaşlara xüsusi hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır