Son üç il ərzində Türkiyədə 800 minə yaxın miqrant saxlanılıb

75

Türkiyənin sahil mühafizə qüvvələri 2016-cı ildən bu günədək 795 min 875 miqrantı və onların ölkədən qanunsuz yollarla qaçmalarına kömək etməkdə təqsirləndirilən 18 min 775 nəfəri saxlayıb. Təşkilatçılardan 4883-ü həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, miqrantlar maddi imkanlarından asılı olaraq, 500-7000 avro müqabilində ölkələrini tərk edirlər. Qanunsuz miqrasiya sahəsi cinayətkar qrupların əldə etdikləri gəlirin məbləğinə görə narkotik vasitələrin ticarətindən və terror təşkilatlarından sonra üçüncü sırada yer alır.

Müxtəlif səbəblərdən ölkələrini tərk edərək Türkiyəyə üz tutan və buradan Avropaya keçmək istəyənlərin sayı ötən illərlə müqayisədə azalsa da, bu proses davam edir. Bu il 16 mindən çox köçkün saxlanılaraq ölkələrinə qaytarılıb. Onlardan 144-ü dənizdə boğulma, donma və yol qəzaları nəticəsində həlak olub. Qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə Türkiyənin sahil mühafizə qüvvələri miqrantların ən çox üz tutduqları istiqamətlərdə – Egey, Aralıq və Qara dənizlərinin sahillərində nəzarət tədbirlərini gücləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır