Bakıda “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib

419

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, açılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, veteranlar, hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərasimin aparıcıları Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla QurbaniRəna Qurbanova və Sklyamin Mixail Yuryeviç Azərbaycanda keçirilən bu yarışın əhəmiyyətini yüksək qiymətləndiriblər. Aparıcılar “Dəniz kuboku-2019”un Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafında rolundan danışıblar.

Sonra “Dəniz kuboku-2019” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub.

Müsabiqə iştirakçıları – Rusiya Federasiyası Xəzər flotiliyasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrin müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.

Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2019” müsabiqəsinin bayraqları mərasimə gətirilib. Sonra Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2019” müsabiqəsinin bayraqları dalğalandırılıb. Daha sonra “Dəniz kuboku-2019” müsabiqəsinin baş mükafatı – kuboku meydana gətirilib.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev mərasim iştirakçılarını və qonaqları salamlayıb, onlara Müdafiə nazirinin təbrikini çatdırıb. K.Vəliyev deyib ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın, hərbçilər arasında dostluğun möhkəmləndirilməsi, peşəkarlığın daha da artırılması məqsədinə xidmət edir: “Azərbaycan Ordusu Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsünə qoşularaq müxtəlif yarışlarda uğurla iştirak edir. Hər il bu yarışlara maraq artır və onun coğrafiyası daha da genişlənir. Builki Beynəlxalq Ordu Oyunları 10 dövlətin ərazisində, eləcə də Azərbaycanda keçirilir. 32 müsabiqədə 5 mindən artıq hərbçi gücünü sınayır. Artıq üçüncü ildir ki, Xəzər dənizindəki Azərbaycan ərazi sularında yarışırsınız. Xəzər dənizi tarixən sahillərində yaşayan bütün xalqların ümumi sərvəti olub. Dostluq, qardaşlıq dənizi olan Xəzərin təhlükəsizliyini təmin etmək hər birimizin borcudur. Əminəm ki, “Dəniz Kuboku” müsabiqəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, əməkdaşlığın daha da güclənməsinə öz töhvəsini verəcək. İnanıram ki, yarışlar hamınızın yaddaşında silinməz iz buraxacaq, Azərbaycandan xoş təəssüratlarla ayrılacaq və bu diyara qayıtmaq arzusu ilə yaşayacaqsınız. Sizi bir daha səmimi qəlbdən salamlayır, komandalara yüksək nəticələr və uğurlar arzulayıram. Hansı ölkənin komandasının birinci yeri tutmasından asılı olmayaraq bizim dostluğumuz, qardaşlığımız, həmrəyliyimiz qələbə çalacaq”.

K.Vəliyev “Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib.

Mərasimdə incəsənət ustalarının, Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin, iştirakçı ölkələrin və Rusiya Federasiyasının mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.

“Dəniz kuboku-2019” beynəlxalq yarışlarının açılışına həsr olunmuş təntənəli mərasimin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.

Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edirlər.

Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrinə qatılıblar.

“Dəniz kuboku-2019”-da hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

“Dəniz kuboku – 2019” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.