2018-2019-cu maliyyə ili ərzində Misir Süveyş kanalının mövcud olduğu bütün tarix ərzində bu kanalın istismarından dövlət xəzinəsinə rekord məbləğdə – 104,2 milyard Misir funtu (təqribən 6 milyard ABŞ dolları) həcmində illik gəlir əldə edib.
AZƏRTAC xəbər verir ki, Süveyş kanalı administrasiyasının sədri Möhəb Məmiş Yeni Süveyş kanalının istifadəyə verilməsinin dördüncü ildönümünə həsr edilmiş mətbuat konfransında bu barədə danışıb. Onun sözlərinə görə, dörd il ərzində bu su arteriyasının gəliri 317,2 milyard Misir funtu (təqribən 19 milyard ABŞ dolları) olub.
M.Məmiş xüsusi vurğulayıb ki, 2015-ci ildə Yeni Süveyş kanalının istifadəyə verildiyi vaxtdan Süveyş kanalı iqtisadi zonasında iqtisadi meqalayihələrin sayı 192-yə, onlara qoyulan sərmayənin ümumi məbləği isə 25 milyard dollara çatıb. O, daha sonra bildirib ki, qarşıdakı 15 il ərzində bu iqtisadi zonada ümumi məbləği 55 milyard dollar olan iri iqtisadi layihələr həyata keçirilməsi planlaşdırılır. Gələcəkdə həmin layihələr hesabına Misir gəncləri üçün bir milyon iş yeri yaradılması təmin ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır