Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 33% artıb

125

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 2 314 467,60 min ABŞ dolları təşkil edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 575 014,25 min dollar və ya 33,06% çoxdur. Türkiyənin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 11,18% təşkil edir.

Bu məbləğin 1 498 423,18 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 640 817,5 min dollar və ya 74,72% çoxdur. Türkiyənin idxalının Azərbaycanın ümumi ixracdakı payı 12,21% təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Türkiyədən 816 044,42 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 65 803,26 min dollar və ya 7,46% azdır. Türkiyənin ixracının Azərbaycanın ümumi idxaldakı payı 9,68% təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 739 453,35 min dollar təşkil edib. Bu həcmin 857 605,68 min dolları Azərbaycanın ixracının, 881 847,68 min dolları isə Azərbaycanın idxalının payına düşüb.