Özbəkistan və Türkiyə Çindən daşımaları Azərbaycan vasitəsilə həyata keçirməyi planlaşdırır

103

Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi, “Türkiyə Dövlət Dəmir Yolları” ASC Türkiyə-Gürcüstan-Azərbaycan-Türkmənistan-Özbəkistan-Qırğızıstan-Çin marşrutu üzrə multimodal yük daşımalarının həyata keçirilməsi barədə razılığa gəlib.

“Report” Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə nazirlikdə “Türkiyə Dövlət Dəmir Yolları” ASC-nin baş direktoru Erol Arlkan ilə görüşdə bildirilib.

Görüşdə həmçinin Türkiyənin Özbəkistandakı səfirliyinin əməkdaşları, “Urta Osie Trans” ASC və “Silk Road International” MMC müştərək şirkətinin rəhbərləri də iştirak ediblər.

Görüş zamanı beynəlxalq nəqliyyat sisteminin inkişafı üçün kompleks tədbirlərin görülməsinin vacibliyi, bunun marşrut boyu bütün ölkələrin iqtisadi inkişafına əhəmiyyətli təsir göstərəcəyi qeyd edilib.

Qeyd edək ki, Avropa və Asiyanın dəmir yollarının birləşməsinin ən qısa yolu Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir. Özbəkistan BTQ-yə qoşulmanı Özbəkistanın infrastrukturunu yaxşılaşdırmaq və 2018-2022-ci illərdə yük daşınması üzrə xarici ticarət yollarını şaxələndirmək üçün kompleks proqrama daxil edib. Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan dəmir yollarını Türkiyə nəqliyyat şəbəkəsi ilə birləşdirən Nəvai – Türkmənbaşı – Bakı – Tbilisi – Qars dəmir yolu dəhlizi özbək mallarının Aralıq dənizi sahillərinə çıxmasına imkan verəcək.

Bu gün BTQ infrastrukturundan istifadə edilməklə yük daşınması Türkiyə – Gürcüstan – Azərbaycan – Qazaxıstan – Rusiya – Türkmənistan – Özbəkistan – Qırğızıstan – Çin və Çin – Avropa marşrutu üzrə həyata keçirilir. Türkiyə, Azərbaycan və Qazaxıstan arasında hər iki istiqamətdə həftədə üç qatar göndərilir.