Xələf Xələfov: “Xəzər dənizi üzrə İşçi qrupunun növbəti iclası oktyabra planlaşdırılır”

57

“Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi qrupunun növbəti iclasının oktyabrda Moskvada keçirilməsi planlaşdırılır”.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

“Bu, daimi işdir. Bildiyiniz kimi, öncəki görüşümüzü Nur-Sultanda keçirdik. Növbəti görüş İranda keçirilməli idi, lakin bəzi texniki səbəblərə görə, bu, baş tutmadı. Çox güman, növbəti görüş Moskvada keçiriləcək. İndi tarixin müəyyənləşdirilməsi üzərində işləyirik və bu barədə razılığa gəldiyimiz zaman iclas keçiriləcək”, – X.Xələfov deyib.

Onun sözlərinə görə, İşçi qrupunun görüşü ilin sonuna qədər, təxmini olaraq oktyabrda keçirilməlidir.

“Bu İşçi qrupunun öz gündəliyi var, üzərində işlədiyimiz konkret məsələlər var və bu işi davam etdirəcəyik”, – azərbaycanlı diplomat fikrini yekunlaşdırıb.

Qeyd edək ki, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və beşinci Xəzər zirvə toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədi ilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrup yaradılıb.