Nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə yeni imkanlar açdı…

84

Azərbaycanın coğrafi mövqeyi və burada qurduğu nəqliyyat infrastukturu bu gün həm Qərbdə, həm də Asiyada xüsusi diqqətlə izlənilir. Belə görünür ki, bu prosesdə indi dünyanın iqtisadi güc mərkəzləri ölkəmizlə işbirlyini genişləndirməyi düşünür. Söhbət ilk növbədə Avropadan, Rusiyadan, Çindən, Hindistandan gedir.

Ekspertlər hesab edir ki, atılan addımlar və görülən genişmiqyaslı işlər sayəsində yaxın tezlikdə Azərbaycan dünya üçün daha mühüm nəqliyyat qovşağına çevrilməklə yanaşı, həm də beynəlxalq yükdaşımalardan külli miqdarda gəlir əldə edəcək. Bütün bunlar təsadüfi sayılmır. İlk növbədə o baxımdan ki, Bakı-Tiflis-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması Azərbaycanı Mərkəzi Asiyanı Qərblə, o cümlədən Avropa İttifaqı ilə, Cənubi Asiyanı, ilk növbədə də İran və Hindistanı Şimalla birləşdirən nəqliyyat qovşağına çevirib. Bu fonda xüsusi diqqət cəlb edən məqamlar isə “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləridir.

Hazırda “Şimal-Cənub” dəhlizinin tam işə düşməsi, demək olar, bütün Avrasiya məkanında böyük səbrsizliklə gözlənilir. “Şimal-Cənub” dəhlizinin tam işə düşməsi üçün Rəşt-Astara dəmir yolunun tikintisinin tam yekunlaşması zərurətdir. Hazırda yolun tikintisi sürətlə həyata keçirilir və bundan sonra Hindistan yüklərinin Azərbaycan üzərindən şimala daşınmasına başlanacaq. Onu da bildirək ki, “Şimal-Cənub” dəhlizi Hindistan və Cənubi-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Azərbaycan üzərindən daşınmasını təmin edəcək. Bu marşrut üzrə ildə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu dəhlizlə Cənub-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq. Belə ki, “Şimal-Cənub” dəhlizi Hindistan-İran–Azərbaycan–Rusiya–Skandinaviya və Şimalı Avropa marşrutu üzrə fəaliyyət göstərir. Qeyd edək ki, Hindistanla yanaşı, Sinqapur və Malayziya da “Şimal-Cənub” dəhlizinə maraq göstərir. Bu ölkələrin böyüyən iqtisadiyyatı və Avropa dövlətləri ilə ticarət əlaqələrinin genişlənməsi nəqliyyat probleminin həllini tələb edir. Belə vəziyyətdə “Şimal-Cənub” həmin ölkələr üçün alternativsiz seçim sayılır. Bundan əlavə, “Şimal-Cənub” dəhlizi sayəsində keçmiş SSRİ məkanından Azərbaycana daxil olan qatarların qısa zaman kəsiyində İran və Anadolu məkanına çatması təmin olunub. Belarusun, Baltikyanı dövlətlərin və Finlandiyanın “Şimal-Cənub” dəhlizinə maraq göstərmələri isə onun əhəmiyyətini daha da artırır.

“Şərq-Qərb” dəhlizi barədə də eyni sözləri demək mümkündür. Sözügedən dəhlizin həyata keçirilməsi istiqamətində Azərbaycanın atdığı ən mühüm addımlardan biri Bakı-Tiflis-Qars dəmir yolu layihəsidir. Bu, “Şərq-Qərb”  nəqliyyat dəhlizinin əsas hissələrindən biri hesab olunur. Qeyd edək ki, “Şərq-Qərb” dəhlizi Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə hərəkət edir, Çindən Avropaya və əks istiqamətə yüklərin daşınmasını nəzərdə tutur. Bu layihə Çinin irəli sürdüyü “Bir kəmər-bir yol” layihəsində Orta Dəhliz adlanan hissəni təşkil edir və Azərbaycan bu layihədə ən mühüm tərəfdaşlardandır. Məhz Azərbaycanın iradəsi ilə həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolu “Şərq-Qərb” dəhlizinin, ümumilikdə “Bir kəmər-bir yol” layihəsinin həyata vəsiqə almasını sürətləndirdi.

 Ümumiyyətlə, belə hesab edilir ki, “Şimal-Cənub”, “Şərq-Qərb”, Bakı-Tiflis-Qars, “Cənub-Qərb” və “Lapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşduğu məkanda yerləşən Azərbaycan Avropa ilə Asiyanı birləşdirən logistik zəncirin əsas halqasına çevrilmək üçün hər cür şəraitə malikdir. Elə bu da Azərbaycana beynəlxalq diqqəti əhəmiyyətli dərəcədə artırır. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskasın səsləndirdiyi fikirlər də təsdiq edir. Onun sözlərinə görə, Azərbaycan regionda nəqliyyat qovşağı olmaq istiqamətində mühüm addımlar atır:  “Bunun mənası odur ki, bütün nəqliyyat xətləri Azərbaycanda kəsişir. Şimal, Cənub, Şərq və Qərbi Avropa İttifaqı olaraq biz təkcə Şərq və Qərb nəqliyyat yollarının deyil, eyni zamanda Şimal və Cənub yollarının da Azərbaycanda kəsişməsində maraqlıyıq. Bu həmin nəqliyyat qovşağının necə əlaqəli işləməsini göstərir. Biz Azərbaycanda daha çox yolların kəsişməsini dəstəkləyirik. 

İkincisi, mən bildiyim qədər, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı bu prosesə dəstək verməyə hazırdır. Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəklədiyi Gəncədən-Tiflisə gedən yolun sərhədə qədər olan hissəsinin yekunlaşdırılması işləri gedir. Həmçinin ADB Bakı-Yalama dəmiryolu xəttinin reabilitasiyasının həyata keçirilməsinə dəstək verir. İnanıram ki, Azərbaycan daha böyük dəstək istəsə, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı dəstək verə bilər. Biz öz ortaq maraqlarımız naminə Azərbaycana dəstək verməyə hazırıq”. Beləliklə, Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi siyasət Avropada da xüsusi diqqətlə izlənir və Avropa ölkələri bu səpkidə Azərbaycanla işbirliyini genişləndirməyə hazırdır. Mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycana belə diqqət ayrılması isə rəsmi Bakının mühüm uğuru sayıla bilər. Belə vəziyyət ölkəmizin yerləşdiyi coğrafiyada ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eləcə də bu nəqliyyat layihələrinin reallaşdırılması ilə ölkəmiz beynəlxalq tranzit mərkəzə çevrilməklə yanaşı, iqtisadi tərəqqisini daha da sürətlənəcək.