Aral dənizi haqqında yeni kitab çapdan çıxıb

385

Birləşmiş Millətlər Təşkilatını və on dörd ölkəni təmsil edən 57 ekspertdən ibarət beynəlmiləl müəlliflər kollektivinin Aral dənizi haqqında yeni kitabı çapdan çıxıb.

AZƏRTAC orient.tm saytına istinadla xəbər verir ki, “Aral dənizi: Mərkəzi Asiyada davamlı inkişaf üçün su” adlanan bu kitabda qeyd edildiyi kimi, Aral dənizi hövzəsində 70 milyon insanın yaşadığı Mərkəzi Asiya regionunun həyatını yalnız birgə maliyyələşdirilən və əlaqələndirilən səylər sayəsində yaxşılığa dair dəyişmək mümkündür.

Altı ölkənin – Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın daxil olduğu Aral hövzəsinin ümumi sahəsi 1,7 milyon kvadrat kilometrdən çoxdur. Bu, Hindistanın ərazisinin təqribən yarısına bərabərdir.

1950-ci illərin sonunda sututarı qidalandıran iki əsas çayın – Amudərya və Sırdərya çaylarının illik su axını 115 kub kilometrə, dənizin özünün sahəsi isə 68.000 kvadrat kilometrə və ya İrlandiyanın sahəsinə bərabər idi. İndi bu çayların Aral dənizinə gətirdiyi suyun həcmi 1960-cı illərə qədər mövcud olmuş göstəricinin cəmi 10 faizinə yaxındır, dənizin akvatoriyası isə 80 faizdən çox azalıb.

Bu gün regionun su sistemləri köhnəlmiş və vaxtı keçmiş texnologiyalardan müasir infrastruktura keçid vəziyyətindədir. Aral hövzəsi hüdudlarında Yer kürəsində ən mürəkkəb və iri su təsərrüfatı obyektlərindən biri – Türkmənistanda uzunluğu 1400 kilometrdən çox olan Qaraqum kanalı fəaliyyətdədir. Tacikistanda inşa edilən, layihə yüksəkliyi 335 metr olan Roqun bəndi isə yaxın gələcəkdə dünyada ən uca bənd ola biləcək.

Aral hövzəsində səpələnmiş 80-dən çox su anbarının ümumi həcmi 10 milyon kubmetrdən çoxdur. Aral zonasındakı hidrotexniki qurğular ümumilikdə 36.097 meqavat saat elektrik enerjisi istehsal edir.

Regionun əhalisi dünyada ən iri su istifadəçilərindən biri sayılır. Burada adambaşına illik su istehlakı təqribən 2200 kubmetrə bərabəridir. Bu suyun 90 faizə qədəri suvarma üçün istifadə edilir. Region ölkələrində ümumi daxili məhsulun 10 faizdən 45 faizə qədəri kənd təsərrüfatında çalışan kənd əhalisinin 20-50 faizi hesabına təmin edilir.

Bir sözlə, bütün bu rəqəmlər Aral və Mərkəzi Asiya regionunda “mavi ehtiyatlar”ın həyati əhəmiyyətini göstərir. Kiçik ev təsərrüfatından başlamış bütöv iqtisadi sahəyə qədər firavanlıq və sabit inkişaf içməli sudan asılıdır.

“Aral dənizi: Mərkəzi Asiyada davamlı inkişaf üçün su” kitabında bir sıra mühüm müşahidələrin nəticələri təhlil edilir və tövsiyələr verilir. Müəlliflərin fikrincə, bu tövsiyələr gələcək siyasi və iqtisadi qərarlar qəbul edilməsində faydalı ola bilər. İqtisadi tərəqqi və demoqrafik artım barədə proqnozlar yaxın gələcəkdə suya tələbatın kəskin şəkildə artacağını göstərir. Deməli, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi zəruridir. Su resurslarının əsaslandırılmış şəkildə idarə edilməsi üçün Aral hövzəsində meteoroloji və hidroloji monitorinqin miqyası genişləndirilməlidir.

Regionun qar örtüyünün və buzlaqların vəziyyəti ilə bağlı müşahidələr suyun əlçatanlıq dərəcəsinin müəyyən edilməsində və su ilə bağlı risklərin proqnozlaşdırılmasında mühüm rol oynayır. Bununla əlaqədar, regionda şaxələndirilmiş monitorinq şəbəkəsinin formalaşması prosesini sürətləndirmək və su ehtiyatları barədə məlumatların regional mübadiləsini təşkil etmək zəruridir.

Torpaqların və su resurslarının deqradasiyası hövzədə davamlı inkişafın yolunda ciddi maneədir. Mütəxəssislərin hesablamalarına görə, təkcə torpaqların deqradasiyasına qarşı görülən tədbirlər regiona hər il təqribən 3 milyard ABŞ dollarına başa gəlir. Bu isə hövzədəki altı ölkənin məcmu ümumi daxili məhsulunun bir faizinə yaxındır.

Regionda iri bəndlərin və su elektrik stansiyalarının tikilməsi davam edir. Bu obyektlər müştərək idarə edilərsə, kənd təsərrüfatının, elektrik enerjisi və məişət sektorlarının etibarlı su təchizatı xeyli yaxşılaşar.

Aral dənizi hövzəsindəki ölkələrin ümumi maraqları naminə onlar resurslar uğrunda neqativ rəqabətdən imtina etməli, daha sıx əməkdaşlıq yolunu seçməlidirlər.

Aral dənizi və Mərkəzi Asiya regionunun su probleminə həsr edilmiş kitabın müəllifləri arasında Mərkəzi Asiya ekspertləri ilə yanaşı Kanada, Çin, Finlandiya, Almaniya, Yunanıstan, Macarıstan, Niderland, İsveçrə, Böyük Britaniya və ABŞ-da geoloji elmlər sahəsində araşdırmalarla məşğul olan mütəxəssislər vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır