“USS Torsk” 1945-ci ildə Yaponiyanın kapitulyasiyasına qədər bu ölkənin Hərbi Dəniz Qüvvələrinin sonuncu gəmisini batırmış sualtı qayıqdır

61

Baltimor şəhərinin daxili limanında İkinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilmiş “Tenç” tipli “USS Torsk” (SS-423) sualtı qayığı turistlər üçün nümayiş etdirilməyə başlayıb. “Tenç” tipli sualtı qayıqlar 1944-1951-ci illər ərzində inşa edilib. Mahiyyət etibarilə “Qato” və “Balao” tipli sualtı qayıqların təkmilləşdirilmiş variantı olub. Tonnajın 35-40 ton artırılması gəminin möhkəmliyini xeyli, yaşayış bölmələrinin həcmini cüzi şəkildə artırmağa imkan verib. 1944-cü ilin iyununda Portsmut hərbi-dəniz tərsanəsində “USS Torsk” sualtı qayığının inşasına başlanıb. Elə həmin ilin sentyabrında gəmi suya salınıb, dekabrda isə istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, 1945-ci ildə “USS Torsk” Yaponiya sahillərində patrul xidməti üzrə iki hərbi tur həyata keçirib, Yaponiya HDQ-nin bir yük gəmisini və iki sahil freqatını batırıb. Onların sonuncusu 1945-ci il avqustun 14-də torpeda ilə vurulub və İkinci Dünya müharibəsində ABŞ Hərbi-Dəniz Qüvvələri tərəfindən batırılmış sonuncu düşmən gəmisi olub. 1950-ci və 1960-cı illərdə “USS Torsk” təlim gəmisi kimi fəaliyyət göstərib. Gəmi Şimali Amerikada təlimlərdə iştirak etməklə bərabər, ABŞ HDQ-nin Atlantik donanması hissələrinə sualtı qayıq əleyhinə müdafiə taktikasının öyrədilməsi məqsədi ilə dəfələrlə Aralıq dənizinə yollanıb. 1964-cü ildə istismardan çıxarılmış “USS Torsk” HDQ bazası üçün təlim gəmisi olub. O, 1971-ci ildə HDQ-nin gəmiləri registrinin hesabından silinib və muzey gəmisi qismində istifadə olunmaq üçün Merilend ştatına verilib. Hazırda gəmi Baltimor limanında tarixi gəmilər donanmasının tərkib hissəsidir.

Hərbi əməliyyatlar zamanı gəmidə 10 zabitdən, o cümlədən gəmi kapitanından və 71 nəfərdən ibarət heyət olub. Sualtı qayıq 10 ədəd 530 millimetrlik torpeda aparatı ilə silahlanıb. Torpedaların altısı gəminin burun hissəsində, qalan dördü arxa tərəfində olub. Aparatları 12-15 heyət üzvü idarə edib. O, həmçinin 130 millimetrlik (25 kalibrlik) göyərtə artilleriya qurğusu və 40 millimetrlik “Bofors” topu və 20 millimetrlik “Erlikon” topu ilə təchiz edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır