Narkotik vasitələrin Əfqanıstandan Avropaya daşınmaması üçün Ələt limanına nəzarət gücləndiriləcək

38

“Bilirsiniz ki, Əfqanıstandan Avropaya və əksinə daşınan yüklər Ələt Limanından keçir. Biz tədbirlər görürük ki, Əfqanıstandan Avropaya narkotik maddələrin, əksinə isə prekursorların (narkotik vasitələr hazırlanmasında istifadə edilən maddələr) daşınmasının qarşısını alaq”. 

Bunu “Report”a açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin I müavini Güloğlan Muradlı bildirib.

O, qeyd edib ki, prekursorların qanuni daşınmasına icazə var, amma buna da nəzarət olunur: “Prekursorlar bir qayda olaraq dəri sənayesində, ətriyyatda, kimya sənayesində istifadə olunur. Onların bir qrupu da narkotik maddələri almaq üçün lazımdır. Məsələn, tiryəkdən heroin almaq üçün sirkə turşusunun anhidridindən istifadə edilir. Hazırda Ələt limanından yüklərin daşınması həyata keçirilir. Düzü, həmin yüklərin arasında prekursorların olub-olmaması ilə bağlı məlumatım yoxdur, amma gələcəkdə də nəzarət ediləcək ki, bu limandan istifadə edilməsin. Belə maddələri qanuni yolla gətirmək üçün Nazirlər Kabinetinin icazəsi olmalıdır. Hazırda 25 növ prekursor var ki, onların da hamısının icazəsiz daşınması bütün dünyada qadağandır”.