Kanada şirkəti Azərbaycanın neft-qaz sektorunun hasilatında yenilik tətbiq edəcək

79

Kanadanın beynəlxalq neft və qaz hasilatı şirkəti “Zenith Energy Ltd” Azərbaycanın quruda yerləşən “Cəfərli” neft yatağındakı C-37 quyusunun istismarında yenilik tətbiq edəcək.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, şirkət C-37 quyusundan hasilatı optimallaşdırmaq məqsədi ilə uzun müddətli məhsuldarlığı artırmaq üçün xüsusi körpü qurğusu quraşdıracaq. Şirkət yeni qurğunun quraşdırılıb istismara verilməsindən sonra, C-37 quyusundan gündəlik təxminən 250-300 barel neft cıxaracağını proqnozlaşdırır.

Bundan başqa, şirkət bu ilin oktyabrın 9-da elan etdiyi kimi, məhsuldarlığı artırmaq üçün bəzi təşviq paketi həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.