Azərbaycan Avrasiyanın ən əlverişli logistik mərkəzinə çevrildi – Hindistan və Çindən Finlandiyayadək…

125

Azərbaycanın yaratdığı nəqliyyat infrastrukturu getdikcə daha çox ölkənin diqqətini özünə cəlb etməkdədir. Elə bu səbəbdəndir ki, qarşılıqlı ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirmək istəyən ölkələrin sayı da durmadan artır. Məsələn, elə bu günlərdə İranın Mazandaran vilayətinin Ticarət və Sənaye Palatası ilə Rusiyanın Samara vilayətinin administrasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Burada bildirilir ki, İranla Rusiya vilayətləri ticarət, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı sahəsində əməkdaşlıq edəcək. Onlar arasında yükdaşımalar isə məhz Azərbaycan üzərindən həyata keçiriləcək.

Qeyd edək ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti istismara verildikdən sonra İranla Rusiya arasında ticarət əlaqələri daha da intensiv xarakter alıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın dəmir yolu sistemi hələ sovetlər dönəmindən Rusiya ilə birləşmişdi. Astara-Astara dəmir yolu isə Azərbaycan vasitəsilə İranın dəmir yolları sistemini Rusiya ilə birləşdirib. İmzalanmış müqaviləyə əsasən, İranın Mazandaran vilayətindən Samaraya kənd təsərrüfatı məhsulları, o cümlədən tropik meyvələr, tikinti materialları ixrac ediləcək. Samaradan İrana isə ağac, kənd təsərrüfatı texnikası və başqa mallar ixrac olunacaq. Bütün idxal-ixrac əməliyyatları Azərbaycan üzərindən həyata keçiriləcək ki, bu da ölkəmizin tranzit gəlirlərinin artmasına səbəb olacaq. Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Bu layihə başa çatdıqdan sonra İrandan Rusiyaya və əks istiqamətə yükdaşımanın həcmi də artacaq.

Daha bir maraqlı məqam Avropa ilə bağlıdır. Belə ki, Litva Azərbaycan və ölkəmiz üzərindən yüklərin Avropaya ucuz daşınması üçün şərtlər təklif edir. Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyi bildirir ki, Litva Bakı-Tiflis-Qars dəmir yolunu digər tədarük marşrutlarına alternativ olaraq nəzərdən keçirir: “Bizə bu marşrut üzrə Azərbaycanın daşıma planları maraqlıdır. Litva yaxşı işləyən multimodal nəqliyyat-logsitika sistemini yaradıb və tranzit ölkə qismində “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin tərkibində vacib rol oynayır. Ona görə də ölkəmiz Azərbaycana yüklərin Avropa və Skandaniva ölkələrinə təhlükəsiz, sürətli və ucuz daşınmasını təklif edir”. Rus ekspert Aleksandr Karavayev bildirir ki, ümumiyyətlə, Azərbaycanın nəqliyyat imkanlarından istfiadə etmək istəyənlərin sayının daha da artacağını gözləmək olar. O, buna əyani misal kimi Hindistanı göstərir və qeyd edir ki, Azərbaycan Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır: “Azərbaycan ərazisindən dəhlizin bir hissəsinin keçməsinə baxmayaraq, ölkə “Şimal-Cənub” layihəsinin reallaşmasında həlledici rol oynayır. Çünki müxtəlif istiqamətləri birləşdirən nəqliyyat qovşağı kimi aparıcı rol məhz Azərbaycana aiddir. Azərbaycan dəhlizin keyfiyyətini Hindistanı Rusiya ilə birləşdirən ayrıca layihə şəklində deyil, “Şimal-Cənub”un meridianını “Bir kəmər – bir yol” layihəsinin seqmentləri ilə birləşdirən multimodal kommunikasiya qovşağı şəklində gücləndirir. Bunun məhz Azərbaycanda baş verməsi ölkəni yüklərin transnövlü ötürülməsində nəqliyyat habına çevirir. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, Azərbaycan sadəcə tranzit tariflərindən gəlir götürən tərəf deyil, həm də “Azərbaycan Dəmir Yolları” və “ASCO” nun timsalında dəhlizin vacib daşıyıcısıdır. Başa düşmək lazımdır ki, iştirakçılara yalnız müəyyən zaman keçdikdən sonra real mənfəət gətirən istənilən qəliz nəqliyyat layihəsi kimi, “Şimal-Cənub”da uzunmüddətli siyasi və iqtisadi diqqət tələb edir. Bu layihədə Azərbaycanın siyasi müstəvidə əldə edəcəyi dividendlərə gəlincə, onu demək istərdim ki, dəhliz ətrafında uzunmüddətli perspektivdə Hindistan iqtisadiyyatının inkişaf potensialından istifadə edəcək qəliz geosiyasi mövqe, fərqli iqtisadi dinamikalı ölkələr qrupunun formalaşması mühüm yer tutur. Qeyd etmək lazımdır ki, 2020-ci ilin sonu, 2030-cu illərin əvvəlinə Hindistan iqtisadiyyatı liderliyə yüksələ, ən azından ABŞ və Çinlə yanaşı, 3 ən böyük iqtisadiyyatdan biri ola bilər. Əsas dividend məhz bundan ibarətdir”. Ekspert yükdışmalar sahəsində artıq Çinin də Azərbaycanla əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirdiyini bildirir. O deyib ki, Azərbaycanın çoxvektorlu siyasəti son illərdə fəal xarakterli siyasətə çevrilib. Yəni Azərbaycan müxtəlif geosiyasi qüvvələrə Cənubi Qafqazda öz layihələrini təklif edir. Karavayev bu kontekstdə “Yeni İpək Yolu” layihəsinin rolunu xatırladaraq bildirir: “Azərbaycan yol xəritələri mövzusunu fəal inkişaf etdirərək, bu xəritələri öz layihələri ilə zənginləşdirir ki, bu da bilavasitə çox əhəmiyyətli “Şimal-Cənub” dəhlizində əks olunur. Burada o da mühümdür ki, Moskva ilə Bakı arasında müzakirə edilən layihələr iki ölkənin bu beynəlxalq dəhlizlərə, xidmət, əmtəə və işçi qüvvəsi axınına cəlb olunması səviyyəsini yüksəldir. Qarşıdakı dövrdə Azərbaycan bundan böyük dividendlər əldə edəcək”.

Beləliklə, bütün bunlar aydın göstərir ki, Azərbaycanın reallaşdırdığı layihələr Asiya və Avropa arasında enerji, nəqliyyat və ticarət əlaqələrinin daha da gücdənməsinə yeni təkan verir. Çünki Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycan çox böyük tranzit imkanlara malikdir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin həyata keçirilməsində əvəzolunmaz rola malik olması Azərbaycanı ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevirir.