Türkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti ölkənin böyük şəhərlərinə də öz mənfi təsirini göstərib

69

Türkiyə ərazisində bir neçə gündür davam edən əlverişsiz hava şəraiti ölkənin bir çox bölgələrinə olduğu kimi böyük şəhərlərə də mənfi təsirini göstərib.

AZƏRTAC xəbər verir ki, dekabrın 21-i axşam saatlarından etibarən ölkə ərazisində kəskin dəyişən hava şəraiti səbəbindən İstanbulda dəniz səfərləri təxirə salınıb, iki balıqçı qayığı batıb. Güclü külək İstanbulla yanaşı Bursa və Çanaqqala şəhərlərində də bəzi evlərin dam örtüklərinin dağılmasına, ağacların kökündən çıxmasına və balıqçı qayıqlarının batmasına səbəb olub.

İzmirdə dünən axşam saatlarından başlayaraq yağan leysan yağışı səbəbindən şəhərin mərkəzi küçələrini su basıb. Bəzi bölgələrdə əhali avtomobilləri sudan çıxara bilməyib.

Ölkənin bir çox bölgələrində təcili tibbi yardım məntəqələrinə gələn vətəndaşların sayında artım müşahidə edilir.

Hidrometeoroloqlar ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır