DDA-nin əməkdaşı Yaponiyada “Liman Mexanizmi Təhlükəsizliyi üçün bacarıqların inkişafı” adlı biliklərin birgə yaradılması təlim proqramında iştirak edib

90

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Yokohama şəhərində yerləşən mərkəzində “Liman Mexanizmi Təhlükəsizliyi üçün bacarıqların inkişafı” adlı biliklərin birgə yaradilmasi təlim proqramı keçirilib. Dövlət Dəniz Agentliyinin gəmi qeydiyyatı və sənədləri sektorunun aparıcı məsləhətçisi Elvin Nurəddinovun da iştirak etdiyi təlim proqramı Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi (MLIT) və Yaponiya Beynəlxalq Sahilyanı Ərazilərin Öyrənilməsi İnstitutunun (OCDI) mütəxəssislərinin təqdimatı ilə reallaşıb.

Azərbaycanın nümayəndə heyətinin təqdimatları təşkilatçılarla yanaşı digər ölkələrin nümayəndələri tərəfindən də maraqla qarşılanıb. Bununla yanaşı Azərbaycanın iqtisadi inkişafı, ölkədə mövcud olan sabitlik, xarici investorların Azərbaycana maraqları barədə qonaqlara məlumat verilib, suallar cavablandırılıb.

Təlim zamanı mütəxəssislər tərəfindən Yaponiyanın dəniz mühafizə siyasətinin əsas məqsədləri vurğulanıb, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın XI-2 bölməsi və “Gəmi və Liman vasitələrinin mühafizəsinə dair” beynəlxalq məcəllənin məzmunu barədə məlumat verilib.

Təlim zamanı auditin keçirilməsi prosedurları izah edilib, Yokohama Gömrük orqanının fəaliyyətinin öyrənilməsi məqsədilə ekskursiya təşkil olunub, nəqliyyat vasitələrinin rentgen şüaları vasitəsilə yoxlanması prosedurları əyani olaraq göstərilib. Liman Mühafizə Planı və Liman Mühafizə Planının Qiymətləndirilməsi mövzusunda mühazirələr keçirilib, konteyner və yük terminalında iş prosesi zamanı müşahidələr aparılıb, habelə sərnişin terminali da iştirakçılara təqdim olunub. Eyni zamanda limandan digər qonşu ölkələrə də yük və sərnişin daşınma prosesləri izah olunub.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.