İstanbul kanalı istifadəyə verildikdən sonra Bosfor boğazından böyük gəmi və neft tankerlərinin keçidi qadağan ediləcək

61

İstanbul kanalı istifadəyə verildikdən sonra Türkiyə Bosfor boğazından yalnız yüngül quru yük gəmilərinin keçməsinə icazə verəcək.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN və “Kanal D” telekanallarına müsahibəsində bildirib.

R. T. Ərdoğan deyib ki, İstanbul kanalı təhlükəsiz dəniz ticarətini və boğazda gəmi nəqliyyatı sıxlığının azalmasını təmin edəcək: “Niyə boğazdan nəhəng 200 min tonluq neft tankeri keçsin? Deyirlər ki, Montrö razılaşması ilə əlaqədar biz buna mane ola bilmərik. Yoldaşlarımız bu məsələlərlə bağlı cəsarət edə bilmirlər, amma mən cəsarət edərək söyləyirəm. Bizim Asiya və Avropa sahillərini təhdid edən məsələ ilə bağlı nə lazımdırsa, onu da edəcəyik. 1979-cu ildə Rumıniya tankeri ilə əlaqədar bir faciə yaşadıq. Yunan bayraqlı quru yük gəmisi ilə toqquşub, boğazda 7,5 ay yandı. Əgər biz bunlara əngəl olmasaq, sabah daha böyük faciə ilə qarşılaşmayacağımıza kim qarantiya verə bilər? İstanbul kanalında bütün tədbirlər görüləcəyi üçün belə problemlə qarşılaşmayacağıq. Boğazdan, sadəcə, quru yük gəmiləri keçəcək. Beləliklə, boğazın tarixi durumu qorunacaq, can və mal təhlükəsizliyi təmin olunacaq”.

Türkiyə Prezidenti qeyd edib ki, xarici ölkələrin hərbi gəmilərinin də İstanbul kanalından keçməsi mümkün ola bilər.