Azərbaycan Rusiya – İran ticarətində tranzit olaraq Türkmənistanı və Qazaxıstanı da üstələdi…

63

Məlum həqiqətdir ki, bu gün Azərbaycan tərəfindən reallaşdırılan enerji ilə yanaşı, nəqliyyat layihələri də təkcə ölkəmiz yox, həm də Qərb, Asiyanın bir çox ölkələri üçün strateji əhəmiyyət kəsb edir.

Məsələn, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Avrasiya məkanında yük daşımalarında Azərbaycan mühüm rol oynamağa başlayıb. Eləcə də bu gün ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri üçün Cənubi Qafqaz regionunda əsas qovşaq rolunu oynamağa başlayıb. Bu isə artıq nəqliyyat-logistika xidmətinin geosiyasi və geoiqtisadi səviyyəyə çatdırılması kimi də qəbul olunur.

Digər tərəfdən, baş verənlər Azərbaycanın beynəlxalq miqyasda mövqelərini gücləndirir, onunla əməkdaşlığa can atanların sayını artırır. Özü də indi dünyanın ən güclü iqtisadiyyatına malik ölkələr belə bu prosesdə artıq xüsusi maraqlı tərəf kimi çıxış edir. Məsələn, Çin, Yaponiya, bir sıra Avropa ölkələri, Rusiya, İran və digərləri artıq Azərbaycanla qeyd edilən səpkidə əməkdaşlığa kifayət qədər böyük önəm verir. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məsələnin bu tərəfinə toxunaraq vurğulayır ki, Moskva və Bakı, kimin tərəfindən qoyulduğu mühüm olmayan sanksiyalara rəğmən, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində əməkdaşlıq qurur. Onun sözlərinə görə, bütün “Şimal-Cənub”a üzv ölkələr və ya bu dəhlizdən istifadə etmək istəyən dövlətlərin bu layihə vasitəsilə reallaşdıracaqları öz milli maraqları var. Diplomat “Şimal-Cənub” dəhlizinin uğurlu fəaliyyətini və Azərbaycanın burada əsas rol oynadığını qeyd edib: “Hələ də bəzi çətinliklər var. Bütün bölmələr sona çatmayıb, amma təcrübə göstərdi ki, 2018-ci ildə dəhliz boyunca yük daşımaları səkkiz dəfə artıb və 2019-cu ilin göstəriciləri də yüksəkdir. Yəni bu dəhliz çox uğurla işləyir. Azərbaycanın onun fəaliyyətində əsas rol oynaması burada Qərbdən Şərqə yeni yolun kəsişməsinə səbəb ola bilər. Elə ümumilikdə də bu baş verir”. Diplomatik nümayəndəliyin rəhbəri, eyni zamanda, məşhur “Bir kəmər – bir yol” marşrutu boyunca yüklərin Asiya dövlətlərinin əraziləri ilə daşındığını, Xəzərin şərq sahilinə çatdıqlarını, sonra dəniz yolu ilə Azərbaycanın Ələt limanına gəldiklərini və oradan da qərbə doğru davam etdiklərini bildirib. Belə vəziyyətdə o, yükdışmalardan Azərbaycanın kifayət qədər böyük miqdarda gəlir əldə edəcəyini vurğulayıb. Səfir bundan sonra da ölkəsinin, digər sahələrlə yanaşı, nəqliyyat sferasında da Azərbaycanla əməkdaşılğın davamında maraqlı tərəf kimi çıxış etdiyini vurğulayıb. Rus politoloq Aleksandr Karavayev isə bütün bunları təbii sayır. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında əlaqələr iqtisadi kontekstdə yol xəritələri şəklində formalaşıb. Moskvanın nöqteyi-nəzərindən bu yol xəritələri təkcə Azərbaycanla deyil, bir çox digər tərəfdaşlarla da qarşılıqlı fəaliyyət üçün modul tipli yor xəritələridir. O bildirib ki, Azərbaycanın çoxvektorlu siyasəti son illərdə fəal xarakterli siyasətə çevrilib: “Yəni Azərbaycan müxtəlif geosiyasi qüvvələrə Cənubi Qafqazda öz layihələrini təklif edir. Bu kontekstdə “Yeni İpək Yolu” layihəsinin rolunu xatırlamaq kifafətdir. Azərbaycan yol xəritələri mövzusunu fəal inkişaf etdirərək, bu xəritələri öz layihələri ilə zənginləşdirir ki, bu da bilavasitə çox əhəmiyyətli “Şimal-Cənub” dəhlizində əks olunur”. A.Karavayev vurğulayıb ki, Moskva ilə Bakı arasında müzakirə edilən layihələr iki ölkənin bu beynəlxalq dəhlizlərə, xidmət, əmtəə və işçi qüvvəsi axınına cəlb olunması səviyyəsini yüksəldir. Ekspert bildirir ki, Rusiyanın əsas ticarət tərəfdaşlarından olan İran məhz Azərbaycan vasitəsilə onun ölkəsi ilə iqtisadi, ticarət əlaqələrini genişləndirir. Elə Rusiya özü də indi İranla əlaqələrində Azərbaycanın imkanlarından geniş faydalanır. Belə ki, Rusiyadan Qazaxıstan və Türkmənistan üzərindən, yəni Sərəxs keçid məntəqəsindən İrana qədər olan məsafə kifayət qədər uzaqdır. Rusiyanın dəniz limanlarından daşınan yüklər isə gəminin yükü tam yığılanadək saxlandığı zaman əlavə cərimələr yaranır. Bu yüklər Azərbaycan dəmir yolu üzərindən tranzit olaraq daşınanda isə həm məsafə qısalır, həm də əlavə cərimələrdən qaçmaq mümkün olur. Elə bu səbəbdən Rusiya İrana yükləri artıq daha çox Azərbaycan üzərindən göndərməyə başlayıb. Yaxın vaxtlarda Qazaxıstan və Rusiyadan minlərlə ton həcmində buğda, arpa, kətan, mərci kimi yüklərin Astara stansiyasına və oradan da İrana göndərilməsi planlaşdırılır. Gələcəkdə bu istiqamətdə yüklərin daha da artacağı gözlənir. Bu vəziyyətdə İranın iqtisadi işlər və maliyyə nazirinin müavini Əli Mahmud Müsəvi bildirib ki, ölkəsi ilə Azərbaycan iqtisadi əlaqələrin daha da genişləndirilməsində qərarlıdır. Nazir müavini onu da bildirib ki, iki qonşu və dost dövlətin qərarı ilə bu əyalətdə sənaye şəhərciyi salınacaq. Azərbaycanlı iş adamları ilə yanaşı, yerli sahibkarlar da buraya sərmayə yatıra bilər. Onun sözlərinə görə, sənaye şəhərciyinin yeri təsadüfən seçilməyib: “Şimal-Cənub” dəhlizinə daxil olan dəmir yolu xətti bu ərazidən keçəcək ki, bu da istehsal olunacaq ixrac və idxal mallarının daşınmasını asanlaşdıracaq”. O, İran-Azərbaycan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyini bildirib.