Azərbaycanın Avrasiya qaz dəhlizi layihəsi Çinlə Avropa İttifaqını müştərək işləməyə cəlb etdi

61

Rusiya qazını Avropaya çatdıracaq “Şimal axını-2“ qaz kəmərinin çəkilişinin təxirə düşməsi Qərbin diqqətini yenidən  “Transxəzər” boru kəməri layihəsinə yönəldib. Belə görünür ki, cari ildə “Transxəzər”  Avropa İttifaqının xüsusi diqqət mərkəzində yer alacaq.

Xatırladaq ki, uzun illərdir planlaşdırılan bu sualtı qaz kəməri Türkmənistanın Türkmənbaşı şəhərini Bakı ilə birləşdirməlidir. Bəzi mənbələrə görə, Qazaxıstandakı “Tengiz”dən bir qaz kəmərini şəbəkəyə bağlamaq və onu Türkmənbaşı ilə birləşdirmək də planlaşdırılır. Bu sualtı qaz kəməri təbii qazın Türkmənistan və Qazaxıstandan Azərbaycan vasitəsilə Türkiyə və Gürcüstana, daha sonra isə Avropa İttifaqına üzv ölkələrə nəqlini nəzərdə tutur. Bu boru kəməri həm də “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinin bir hissəsi hesab olunur.

Avropa İttifaqının Aşqabaddakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Lübomir Frebort məhz belə bir vaxtda olduqca maraqlı fikirlər səsləndirib. O, “Transxəzər” layihəsi ilə bağlı bildirib: “Transxəzər” qaz kəmərinin inşası və Türkmənistan qazının idxalı Avropa İttifaqının enerji təhlükəsizliyi, qaz idxalı mənbələrinin şaxələndirilməsi sahəsindəki strategiyasının vacib hissəsi olaraq qalır. Bu yaxınlarda yeni Avropa Komissiyası da onu prioritet enerji layihələrinin siyahısına daxil edib”. O bildirib ki, fevralın 28-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası Aİ və Türkmənistan arasında Aİ-nin energetika üzrə yeni komissarı ilə yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsinə, bu dialoqun daha da inkişaf etdirilməsinə imkan verir.

Qeyd edək ki, “Transxəzər” Türkmənistan təbii qazının azı 30 il ərzində Avropa bazarına çatdırılmasını nəzərdə tutur. Ekspertlər bildirir ki, Türkmənistan və Azərbaycanın Xəzər dənizi sahilləri arasında qaz kəməri layihəsi Türkmənistanın TANAP-a qoşulması üçün zəruridir. TANAP qaz kəməri isə Azərbaycan qazının Gürcüstandan və Türkiyədən keçməklə Yunanıstan sərhədinə çatdırılmasını və burada onun davamı olaraq TAP-la Cənubi Avropaya qədər uzanmasını nəzərdə tutur. Deməli, Türkmənistan məhz Azərbaycan vasitəsilə qazını Avropaya çıxara biləcək. Onu da bildirək ki, TAP-ın hazır olması ilə “Cənub Qaz Dəhlizi” tam şəkildə fəaliyyətə başlayacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Bunlar Aşqabadın da diqqətindən yayınmır və bu ölkənin artıq “Transxəzər”ə daha çox maraq göstərməsi ilə müşayiət olunur.

Xatırladaq ki, son illərə qədər Rusiya və İran hökumətləri ətraf mühitin qorunması motivləri əsasında “Transxəzər” qaz kəmərinin inşasına qarşı çıxıb. Amma Avropa İttifaqı və digər Xəzəyanı ölkələr bu iddiaları əsassız sayır. Bundan əlavə, Xəzərin hüquqi statusu ilə bağlı sahilyanı ölkələrin son razılaşmaları da sözügedən kəmərin çəkilməsi yolunda maneələri aradan qaldırır.  O da maraqlıdır ki, bir müddət əvvəl Çin “Transxəzər”in inşasında Avropa İttifaqını dəstəkləmək qərarına gəlib. Avropa və Çin şirkətlərindən ibarət konsorsium, eləcə də Çinin SINOPEC Mühəndislik Qrupu “Transxəzər”in çəkilişi üçün müvafiq işləri görməyə hazır olduqlarını bəyan edib. Konsorsium bəyan edib ki, “Transxəzər” layihəsi çərçivəsində boru kəmərinin çəkilməsi ilə yanaşı zəruri infrastruktur, o cümlədən qaz təmizləyici qurğu və kompressor stansiyaları layihələri hazırlamağa və qurmağa da hazırdır. Bütün bunlar “Transxəzər”in inşasının yaxın perspektivdə baş tutmasını istisna etmir. Xüsusən də nəzərə alınsa ki, Avropa İttifaqı artıq prosesdə əsas maraqlı tərəflərdən biri qismində çıxış edir. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp da ümid etdiyini bildirib ki, Türkmənistan Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsindən sonra Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacaq. ABŞ prezidentinin türkmənistanlı həmkarı Qurbanqulı Berdiməhəmmədova ünvanladığı teleqramda deyilirdi ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcəyinə ümid edir. Azərbaycanın isə layihə ilə bağlı mövqeyi belədir ki, “Transxəzər” barədə qərarı kəmərin başlanğıcını götürdüyü ölkə qəbul etməlidir. Azərbaycan isə ancaq bundan sonra tranzit ölkə kimi öz mövqeyini ortaya qoyacaq. Bakı onu da bəyan edir ki, əlavə həcmləri qəbul etmək üçün kifayət qədər böyük infrastrukturu var. Qeyd olunur ki, alıcının və satıcının kimliyindən asılı olmayaraq, Azərbaycan hər zaman qonşu dövlətlərin hamısının bu məsələdə maraqlarının təmin olunmasına diqqət edir.