FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi Türkiyədə keçirilən təlimdə uğurla iştirak edir

200

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq axtarış-xilasetmə dəstəsi Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) dəvəti ilə yanvarın 12-dən 18-dək Ankarada keçirilən təlimdə uğurla iştirak edir.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimin əsas məqsədi Türkiyənin mentorluğu ilə beynəlxalq humanitar əməliyyatlarda Azərbaycanı təmsil etmək üçün yaradılmış FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi üçün hazırlığının artırılması, eyni zamanda, şəxsi heyətin humanitar əməliyyatlarda iştirakına dair bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Nəzəri və praktiki olmaqla iki mərhələdə keçirilən təlimdən əvvəl nazirliyin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin üzvləri AFAD-ın fəaliyyəti ilə yaxından tanış olublar.

Sonra təlimin nəzəri hissəsinə start verilib. AFAD-ın Ankaradakı Təlim-Tədris Mərkəzində reallaşdırılan təlimin birinci – nəzəri mərhələsində FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti ilə yanaşı, Türkiyədən olan ekspertlər qrupu da iştirak edib. Nəzəri hissədə beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair təqdimatlar dinlənilib, bu sahədə fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Daha sonra təlimin praktiki hissəsinə başlanılıb. Təlim-Tədris Mərkəzinin poliqonunda 36 saat ərzində fasiləsiz olaraq davam edən bu mərhələdə əsas fəaliyyət təbii fəlakət nəticəsində zərər görmüş tikililərin dağıntıları altından zərərçəkmişlərin xilas edilməsi, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyə, eləcə də ərazidə qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi, müvafiq qərarların qəbul edilməsi üzrə prosedurların tətbiqindən ibarət olub.

Təlim vaxtı, o cümlədən gecə saatlarında həyata keçirilən beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması diqqət mərkəzində saxlanılıb.

Ümumilikdə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi türkiyəli ekspertləri tərəfindən yaxından izlənilib.

Təlimə yanvarın 18-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır