Davos forumu çərçivəsində keçirilən “Xəzər Həftəsi” üçün Bakıda nümayəndəlik açılacaq

47

“İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş “Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması” yüksək səviyyədə keçir”.

Bunu “Report”un Davosa ezam olunmuş müxbirinə “Xəzər Həftəsi”nin Təşkilat Komitəsinin sədri Murat Seitnepesov tədbirin nəticələrini şərh edərkən deyib.

“Tədbirin artıq 4-cü günü başa çatıb. Biz burada iştirakla bağlı vəziyyətdən çox məmnunuq. “Xəzər Həftəsi”ndə iştirak etmək üçün 3 mindən çox namizəd qeydiyyatdan keçib. Həm Böyük Xəzər Regionu, həm də bütün dünya üçün əhəmiyyət daşıyan mövzular ətrafında aktiv müzakirələr gedir. Bu il “Xəzər Həftəsi”nə İsveçrəni cəlb etmişik. Az sonra bu ölkənin Böyük Xəzər Regionuna sərmayə qoyması imkanları ətrafında müzakirələr aparacağıq. Keçən ilin aprel ayında İsveçrə ilə Çin arasında imzalanmış “Bir kəmər – bir yol” layihəsi ilə bağlı memorandum əsasında birgə fəaliyyət imkanlarını nəzərdən keçirəcəyik. Bu, Çinə Böyük Xəzər Regionuna, eləcə də İsveçrə vasitəsilə digər bazarlara sərmayə yatırmaq üçün çox gözəl imkandır. İsveçrə öz təbiətinin gözəlliyi ilə tanınıb, lakin bundan başqa o münaqişələrin həlli, biznes məsələlərində də böyük təcrübəyə malikdir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq təşkilatlar, habelə BMT-nin Avropa qərargahı, Dünya Ticarət Təşkilatı, Dünya Səhiyyə Təşkilatı burda yerləşir. Təkcə Cenevrədə 100-dən çox təşkilat yerləşir. Odur ki, bu böyük potensialdan Böyük Xəzər Regionundakı məsələlərin həlli üçün istifadə etmək istəyirik”.

M.Seitnepesov Xəzər Həftəsinin gələcək planlarına da toxunub: “Bu il Böyük Xəzər Regionu ölkələrindən nümayəndə heyətləri tədbirimizdə iştirak ediblər. Dünən Gürcüstanın baş naziri tədbirimizə qatılmışdı. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tədbirimizdə yaxından iştirak edir. Yeni iştirakçılarımızdan ikisi “AzerTelecom” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC oldu. Bakı Limanının baş direktoru Azərbaycanın tranzit imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bundan əlavə, biz “Xəzər Həftəsi”nin Azərbaycan hökuməti və şirkətləri ilə əməkdaşlığını möhkəmləndirmək məqsədilə Bakıda nümayəndəliyinin açılması barədə qərar vermişik.

Bundan başqa, tədbir çərçivəsində Əfqanıstanda vəziyyət, bu ölkədə sülhün bərpa olunması məsələsi müzakirə olunub. Biz razılığa gəldik ki, İsveçrənin Cenevrə şəhərində Əfqanıstanda sülhün təmin olunması məqsədilə daimi fəaliyyət göstərən “Think Thank” yaradaq ki, orda ekspertlər öz rəy və tövsiyələrini bildirə bilsinlər.

Biz çox sevinirik ki, builki forumda “AzerTelecom”la qarşılıqlı anlaşma haqqında memorandum imzaladıq. “Xəzər Həftəsi” qlobal ideyalar meydanı olmaqla yanaşı, artıq konkret nəticələr verməyə başlayıb. Bundan başqa, digər memorandumlar, habelə İsveçrə ilə, xüsusilə onun “Integral Petroleum” şirkəti ilə memorandum imzalandı. Böyük Xəzər Regionunun inkişafı üçün bir sıra layihələrimiz var. Layihələrimizdən biri yüklərin dünyanın bütün regionlarından Böyük Xəzər Regionuna konteynerlərdə çatdırılması ilə bağlıdır. Biz bu gün Dünya İqtisadi Forumunun tərəfdaşlarındanıq. Çalışırıq ki, bu layihəni onlarla birlikdə həyata keçirək ki, Böyük Xəzər Regionuna yüklər konteynerdə yubanmadan, vaxtında nəql oluna bilsin. Bu layihəyə həm gömrük xidməti orqanları, həm sərhəd xidməti orqanları, həm də banklar və sığorta şirkətləri cəlb olunacaq”.

Təşkilat Komitəsinin sədri “Xəzər Həftəsi”nin aktiv şəkildə işıqlandırılmasına görə “Report” İnformasiya Agentliyinin kollektivinə minnətdarlıq edib: “İlk gündən bu tədbiri aktiv şəkildə işıqlandırdınız. Gələn il də sizi, böyük məmuniyyətlə, bura dəvət edəcəyik. Perspektivlərimiz böyükdür. Sabah tədbirimizə rəsmi yekin vuracağıq. Bizim məqsədlərimiz iqtisadi əməkdaşlığımızı inkişaf etdirməklə yanaşı eyni zamanda mədəni, təhsil mövzularını da əhatə etməkdir. Tədbirimiz çərçivəzində iştirakçılarımızın Böyük Xəzər Regionu ölkələrinin yeməklərini dadmaq, bu ölkələrin müğənnilərinin ifasından ibarət konsertdə iştirak etmək imkanları da oldu”.