Ermənistanın Türkiyəni strateji üçbucağa salmaq planı alınmır – Ermənistan-Yunanıstan-Kipr sammiti iflasda…

45

Ermənistan Kipr və Makedoniya məsələlərində Afina ilə Nikosiyaya tam dəstək vəd etmişdi. Bunun müqabilində Yunanıstanla Kipr ermənilərə Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsinə “hər formada yardımlar” edəcəklərini vurğuladılar. Digər razılaşma isə Yunanıstan, Kipr və Ermənistanın dövlət, yaxud hökumət başçıları səviyyəsində sammitin 2020-ci ilin yanvarında İrəvanda keçirilməsi ilə bağlı idi.

Yunanıstanla Kiprin Türkiyəyə qarşı qarşıdurmaya Ermənistanı da cəlb etməsi səbəblərindən biri də təbii qaz davasıdır. Şimali Kipr sahillərinin yaxınlığında kəşf edilmiiş böyük təbii qaz yatağını Türkiyə istismar etmək niyyətindədir. Türkiyə həmin bölgəyə “Fatih” qazma gəmisini də yolladı. Yunanıstan bunu “Kiprin ikinci işğal cəhdi” adlandırıb və BMT ilə Avropa İttifaqından Türkiyənin qarşısının sərt şəkildə alınmasını tələb edib.

Elə həmin aralarda Türkiyəyə qarşı bir üçtərəfli alyans formalaşdı. Üç ölkə qərara gəldi ki, bu ilin 22 yanvarında görüşsünlər. Artıq Ermənistanın Xarici İşlər naziri bəyan edib ki, nəzərdə tutulan üçtərəfli görüş alınmayıb. Ermənistan mediasında görüşün alınmaması ilə bağlı fərqli fikirlər bildirilir. Hətta hesab edənlər var ki, üçtərəfli görüşün baş tutmamsı regionda baş verən reallıqlarla bağlıdır. Bəs bizim ekspertlər bu barədə nə düşünürlər?

  • Hatəm Cabbarlı: “Görüşün baş tutmaması tərəflər arasında müəyyən fikir ayrılıqlarının olması ilə əlaqəlidir”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyənin son bir neçə ildə Yaxın Şərqdə yaşadıqları problemlərlə paralel olaraq, Ağ dənizdə də müəyyən konfliktlərlə rastlaşmalı oldu: “Orada təbii qaz ehtiyatı müəyyən edildikdən sonra Türkiyənin təhlükəsizlik məsələsi həmin coğrafiyada da xüsusi yer tutmağa başladı. Türkiyə həmin ərazidə həm öz, həm də Şimali Kiprə aid sularda təbii qazın kəşfiyyat və qazma işləri ilə məşğul olur. Təbii ki, bu var-dövlətə sahiblik həm region, həm də regiondan kənar ölkələri narahat etməyə başladı. Türkiyə hələlik həmin bölgədə Yunanıstan və Səudiyyə Ərəbistanının təzyiqlərinə qarşı təkbaşına mübarizə aparır. Yunanıstan iddia edir ki, Türkiyə qazma işlərini ona aid hissədə aparır. Yunanıstan Ağ dənizdəki enerji qaynaqlarına sahib olmaq üçün özünə müttəfiqlər axtardı. Ermənistanla maraqları üst-üstə düşdüyü üçün belə bir ittifaqa qol qoyuldu. Ermənistan özü də Türkiyənin qazma işlərinə dəfələrlə etiraz edib. Hətta Yunanıstanın Xarici İşlər naziri Ermənistana səfər edib, bu məsələdə kənar dövlətlərin də dəstəyinə ehtiyac olduğunu dedi. Yanvar ayında keçirilən görüşün təxirə salınması ilə bağlı tərəflər açıqlama vermir. Hələlik belə görüşün gələcəkdə baş tutub-tutmayacağı da bəlli deyil. Ermənistan bu təşəbbüsün baş tutması üçün cəhdlərini davam etdirəcək. Ola bilər ki, görüşün baş tutmaması tərəflər arasında müəyyən fikir ayrılıqlarının olması ilə əlaqəlidir. Türkiyə bu məsələdə prinsipialdır. Kəşfiyyat işlərini hərbi gəmilərin müşayiəti ilə aparır. Orada əsəblər tarıma çəkilib və hər an hərbi qarşıdurmaya keçə bilər. Belə ittifaqların Türkiyənin mövqeyinə hər hansı təsiri olmaycaq. Rəsmən bəyan olunub ki, Türkiyə bu kəşfiyyat-qazma işlərindən əl çəkməyəcək. Görünən budur ki, Ermənistan bu missiyanın da öhdəsindən gələ bilmir”.

Məhəmmədəli QƏRİBLİ