Çindən diri heyvanların idxalına qoyulan müvəqqəti məhdudiyyətin təsirləri açıqlandı

44

Koronavirusla əlaqədar Çindən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına qoyulan müvəqqəti məhdudiyyətin ölkəmizin qida məhsulları bazarına hansı formada təsir etdiyi açıqlanıb.

Trend-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycana Çindən çox az miqdarda məhsul gətirilirdi. Buna görə də qoyulan məhdudiyyət qida qıtlığına səbəb olmayıb:

“Hesab edirəm ki, Çindən gətirilən qida məhsullarına qoyulan məhdudiyyət nə qida qıtlığına, nə də qiymət dəyişiminə səbəb olub. Bundan əvvəl də Çindən Azərbaycana kütləvi şəkildə nə diri heyvan, nə heyvan mənşəli məhsul, nə də quş əti idxal olunurdu. Olunurdusa belə, onun miqdarı Azərbaycanda qidalanmaya təsir edəcək qədər deyildi”.

Q.Təhməzli əlavə edib ki, bu həftədən etibarən Azərbaycanda koronavirusla bağlı ölkəyə idxal olunan istənilən heyvan və heyvan mənşəli məhsullar, diri heyvanlar üzərində beynəlxalq standartlara uyğun olan ekspertiza həyata keçirilir. İndiyədək koronavirusla bağlı heç bir şübhəli hal aşkarlanmayıb.