Neftlə yanaşı dünya qaz bazarlarında baş verənlər, xüsusən də iqlim dəyişikliklərinin bu istiqamətdə göstərdiyi təsir indi hasilatçı ölkələr üçün ən həssas mövzulardan birinə çevrilib. Məsələ burasındadır ki, proseslərin gedişi cari ilin son rübünə kimi təbii qazın satış qiyməti baxımından müsbət heç nə vəd etmir.
Məhşur “Vygon Consulting” şirkətinin analitikləri də bildirir ki, Avropa bazarında təbii qazın qiyməti 2020-ci ilin yaz-yay aylarında kəskin aşağı düşəcək. Analitiklərin proqnozlarına görə, həmin dövrdə təbii qazın min kubmetrinin qiyməti 100 dollardan da aşağı düşə bilər. Nəticədə Avropanın qaz bazarında hazırda əsas inhisarçı olan “Qazprom” şirkəti məcbur olub öz qazını ziyan hesabına sata bilər. Şirkətin araşdırmalar üzrə direktoru Mariya Belova qeyd edib ki, qiymətin bu cür kəskin aşağı düşməsinə qışın anomal isti keçməsi səbəb olacaq. Çünki qışın mülayim keçməsi üzündən Avropanın qaz anbarlarında rekord həcmdə yanacaq yığılıb. Şirkətlər Ukrayna üzərindən tranzitin dayandırılacağından narahat olaraq böyük ehtiyatlar yaradıblar.
“Qazprom ekspert” şirkətindən təsdiq ediblər ki, qiymətlər doğrudan da əhəmiyyətli ölçülərdə aşağı düşə bilər, artım isə ancaq 2020-ci ilin dördüncü rübündən başlayacaq. Analitiklər gözləyir ki, Avropa bazarında sıxılmış təbii qazın min kubmetrinin qiyməti orta hesabla 143 dollar təşkil edəcək. Və belə vəziyyət Avropa bazarlarına sıxılmış qaz çıxaran Amerika şirkətlərinə sərf etməyəcək, onlar təklifi azaldacaqlar. Avropa qaz bazarındakı bu situasiya Azərbaycan üçün də birbaşa əhəmiyyət daşıyır. Çünki 2020-ci ilin yayında Azərbaycanın “Şahdəniz” yatağının qazı “Cənub Qaz Dəhlizi” ilə ilk dəfə Avropa bazarına daxil olacaq. Bu dəhlizlə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropa bazarına istiqamətlənəcək. Belə vəziyyətdə qiyməti tənzimləmək üçün, hesab olunur ki, “qaz OPEC”i adlanan Qaz İxrac edən Ölkələrin Forumu məsələyə müdaxilə etməlidir.
Xatırladaq ki, Qaz İxrac edən Ölkələr Forumu 2001-ci ildə 13 qaz ixrac edən ölkə (Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, Rusiya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Trinidad və Tobaqo, Ekvatorial Qvineya) tərəfindən Tehran şəhərində yaradılıb, 2008-ci ildə Moskva şəhərində hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətər dövlətinin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman, Peru və Azərbaycan) üzvü var. Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizi, boru kəmərləri ilə ticarətin 35 faizi, maye qaz istehsalının 85 faizi cəmləşir. Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar, tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Yəni bu o deməkdir ki, Forum qiymət siyasətinə müdaxilə edə bilər. Foruma üzv dövlətlərin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqları və qlobal qaz bazarında ölkəmizin mühüm rol oynadığı qəbul olunur. Hətta Azərbaycanın Foruma tamhüquqlu üzv məsələsi də gündəmdədir. Bakı da qiymət məsələsində artıq Forumun qəti hərəkətə keçməsini istəyir. Bunu enerji məsələləri üzrə ekspert Aleksandr Sobko da vacib sayır. O bildirir ki, qlobal qaz bazarında misli görünməmiş bir vəziyyət hökm sürür: “Və bu heç də mübaliğə deyil. Asiyada hazırda maye təbii qaza bundan əvvəl heç vaxt müşahidə olunmamış birja qiymətləri qoyulur: kotirovkalar psixoloji əhəmiyyətli 1 milyon BİV (Britaniya İstilik Vahidi) üçün 3 dollar səviyyəsinə çatıb ki, bu da min kubmetrə görə təxminən 105 dollara bərabərdir. Avropada isə birja qiymətləri bundan da aşağıdır, 95 dollar səviyyəsində.
Bu cür vəziyyətin yaranmasına bir neçə amil səbəb olub: buraya həm Şimal yarımkürəsinin, demək olar ki, bütün regionlarında izlənən çox isti qış, həm yeni istehsalatların işə salınması ilə maye qaz bolluğunun yaranması, həm də Ukraynadan qaz tranziti böhranına hazırlıqlar səbəbilə Avropanın qaz anbarlarının həddindən artıq doldurulması daxildir. Bütün bunlarla yanaşı, Çində iqtisadi fəallığın kəskin şəkildə azalmasına səbəb olmuş koronavirus yalnız qaz bazarına deyil, həm də bütövlükdə xammal bazarındakı vəziyyətə təsir göstərib. Bununla bərabər, qiymət mənzərəsi bazar iştirakçılarında narahatlıq yaratmaya bilməz. Aşağı birja qiymətləri artıq elə bir vəziyyətə gətirib çıxarıb ki, şirkətlərin əksəriyyəti tam xərclərini maye qaz istehsalı ilə ödəyə bilmir. Cari qiymətlərlə isə istehsalçıların bir çoxu, hətta əməliyyat xərclərini də ödəyə bilmir. Hazırkı qiymətlərinin mövcudluğu şəraitində Amerikanın da ixracatı rentabelliyini itirmək həddinə yaxınlaşıb.
Məsələnin həlli üçün neft bazarında OPEC+ koalisiyası yaranıb ki, o da qiymətləri lazımi səviyyədə qoruyub saxlayır. “Qaz OPEC”inin yaradılması isə hazırkı şəraitdə olduqca vacibdir. Çünki bolluq şəraitində qiymətlər aşağı düşür. Əlavə problem ondan ibarətdir ki, neftdən fərqli olaraq qaz, xüsusilə də maye qaz ehtiyatlarını saxlamaq və yaratmaq çətindir”. Ekspert hesab edir ki, istənilən halda, istehsalçıdar bazara müdaxilə etməlidir. Əks təqdirdə onlar özlərini çətin vəziyyətə sala bilər.