“Caspian European Club”un yeni sədri seçilib

289

“Caspian European Club”un idarə heyətinin üzvlərinin seçkisi başa çatıb. Seçkilərin nəticəsinə görə, “Caspian European Club”un yeni sədri Telman Əliyev seçilib. T.Əliyev, eyni zamanda, “Caspian European Club” və “Caspian Energy” qrupunun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə baş icraçı direktorudur.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un mətbuat xidmətindən məlumat verilib.

“Caspian European Club”un Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə idarə heyətinin qapalı səsvermə yolu ilə seçilən 6 üzvü Zərifə Həmzəyeva (“Gazelli Group”un prezidenti), Avni Dəmirçi (“ZiraatBank Azerbaijan”nın idarə heyətinin sədri), Fərid Məmmədov (“Caspian Event Organisers LLC”nin baş direktoru), Nəriman Məmmədov (“Transbroker / Narimanfilm”in baş direktoru), Rəşad Abbasov (“ASE Express & OCS”un direktoru) və Savaş Uzan (“Azersun Holding”in idarə heyətinin üzvü) olub.

2020-ci il fevralın 27-dən 29-dək davam edən seçkilərdən öncə “Caspian European Club”un rəsmi saytı (“www.caspianenergy.org”) vasitəsilə seçkiqabağı səsəvermə keçirilib. Səsvermə hüququndan “Caspian European Club”un ofisləri Bakıda yerləşən üzv şirkətlərinin 194 top-meneceri və nümayəndəsi yararlanıb.

Eyni zamanda, seçki çərçivəsində sahə və sahələrarası komitələrin, işçi qruplarının rəhbərləri seçilib. Onların adlarından ibarət yekun siyahı “Caspian European Club”un idarə heyətinin yeni heyətinin ilk toplantısında təsdiqlənəcək. Həmin iclasda, həmçinin klubun yaxın 2 il ərzində həyata keçiriləcək yeni inkişaf strategiyası müəyyənləşəcək. İdarə heyətinin üzvləri, eyni zamanda, “Caspian European Club”un İcra Komitəsinin yeni tərkibini də təsdiqləməlidirlər.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda yerləşir. “Caspian European Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır