İndoneziya koronavirus xəstələrini kimsəsiz adada yerləşdirəcək

58

İndoneziya hakimiyyəti koronavirusa yoluxanları heç kimin yaşamadığı Qalanq adasında yerləşdirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Jakarta Post” qəzeti ölkənin silahlı qüvvələrinin baş komandanı Xadi Tyadjantoya istinadən bildirib.

Tyadjanto qeyd edib ki, koronavirusa yoluxanların yerləşdiriləcəyi xəstəxananın Qalanq adasında bir neçə binası qalmaqdadır. Bu binalar 1979-1996-cı illərdə Vyetnamdan olan qaçqınlar üçün düşərgə kimi istifadə olunub.

Baş komandan əlavə edib ki, hospital həmçinin karantin mərkəz kimi işləyəcək.

Qeyd edək ki, İndoneziyada da koronavirusa yoluxma aşkarlanıb. Hazırda ölkədə iki koronavirus xəstəsi var. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 93 min nəfəri ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.