Yeni tədqiqatlarda iqlim dəyişikliyinin mərcan riflərinə təsiri müəyyən edilib

102

Qahirə, Esseks və Əl-Əzhar universitetlərinin tədqiqatçıları Qırmızı dənizin şimalında iqlim dəyişikliyinin mərcan riflərinə təsirini araşdırıblar. Alimlər bu məqsədlə onların tərkibində olan yosunları tədqiq ediblər. AZƏRTAC xəbər verir ki, onların gəldikləri qənaət bu faydalı bitkilərin ekoloji üstünlükləri ilə əlaqədar yeni detalları üzə çıxarıb.

Əl-Əzhar Universitetinin tədqiqatçısı İslam Osman bildirib ki, yeni kəşf olunmuş yosunlar yalnız Qırmızı dənizdə olur və su akvatoriyasının istiləşməyə müqavimətini təmin edir. Onun sözlərinə görə, mərcan riflərinin daxilində olan bu bitki onlara qida və oksigen verir. Bu isə, öz növbəsində, mərcan riflərini ətraf mühitin mənfi təsirindən qoruyur. “Okean temperaturunun qalxması nəticəsində ağ rəngə çalan mərcan rifləri yosunların təsiri ilə normal hərarətə qayıdır və öz rəngarəngliyini qoruyur. Bizim mikroskopla tərkibini öyrəndiyimiz mərcan riflərinin nümunələri göstərdi ki, yosunların bakterioloji tərkibi olduqca unikaldır”, – deyə tədqiqatçı vurğulayıb.

Almaniya, Səudiyyə Ərəbistanı, ABŞ və Avstraliya alimlərinin də iştirak etdiyi tədqiqatın nəticələri “BMC Microbiome journal” elmi nəşrində dərc olunub. Məqalədə qeyd olunur ki, yosunların tərkibində olan DMSP adlanan maddə mərcan riflərinin tərkibindəki toksik bakteriyaları xaric edir və onları istinin təsirindən qoruyur. Alimlərin qənaətinə görə, bu amillər Qırmızı dənizin şimalındakı nadir sərvəti planetimizin ən çox qorunan ekoloji sisteminə çevirir.

ABŞ-ın Milli Okeaniya və Atmosfer Administrasiyasının (NOAA) 2018-ci ilə olan məlumatında qeyd olunur ki, dünyada olan mərcan riflərinin 75 faizi qlobal istiləşmənin təsirinə məruz qalır, onların 30 faizi isə məhv olma təhlükəsi ilə üz-üzədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır