Misirdə Aralıq dənizinin ekoloji vəziyyəti müzakirə ediləcək

616

Cari ilin ikinci yarısında Misir Aralıq dənizinin ekoloji problemlərinə həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Aralıq dənizi İttifaqının baş katibi Nasir Kamil məlumat verib.

Baş katib bildirib ki, Aralıq dənizi regionundan 70 ekspertin iştirak edəcəyi konfransda iqlim dəyişikliyinin dənizin flora və faunasına təsiri müzakirə ediləcək. Onun sözlərinə görə, bu tədbir Avropa İttifaqının Məğrib və Məşriq regionu ölkələri ilə əlaqələrinin möhkəmlənməsi məqsədilə həyata keçirilən Barselona Prosesi (Avropa-Aralıq dənizi tərəfdaşlığı) çərçivəsində keçiriləcək. N.Kamil əlavə edib ki, “Euromed” adlanan bu təşəbbüsün 25 illiyi münasibətilə müxtəlif konfrans, seminar və görüşlər də təşkil olunacaq.

Bu təşəbbüsə 10 Aralıq dənizi dövləti, o cümlədən iki ölkə – Kipr və Malta da qoşulub. Avropa İttifaqının 27 ölkəsi, Şimali Makedoniya və Türkiyə də prosesdə iştirak edirlər.