“Shell” ABŞ-da LNG zavodunun inşası layihəsindən çıxdı

269

İngiltərə-Niderland şirkəti olan “Shell” ABŞ-da “Leyk Çarlz” LNG terminalında “Energy Transfer” şirkəti ilə ortaqlıq şəklində mayeləşdirilmiş təbii qaz zavodunun inşasından çəkilmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunub ki, əsas səbəb əlverişsiz bazar şərtləridir.

“Bu qərar vəsaitimizi qorumaq və biznesimizin davamlılığını gücləndirmək üçün keçən həftə elan etdiyimiz təşəbbüslərə uyğundur. Bu layihənin uzunmüddətli həyat qabiliyyətinə və faydalarına inanmağa davam etsək də, indi “Shell” üçün investisiya qoymaq baxımından heç də uyğun zaman deyil”, – şirkətin qaz və yeni enerji növləri üzrə direktoru Maarten Vetselaar bildirib.

Əvvəlcədən “Shell” və “Energy Transfer”in layihədə bərabər hüquqlarla çıxış edəcəyi planlaşdırılmışdı. Mayeləşdirmə zavodunun gücü ildə 16,45 milyon ton olmalı idi.

“Royal Dutch Shell” konserni dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən energetika və neft-kimya şirkətlərini birləşdirir. “Shell”in səhmlərinin 44,1%-nə “Nederland Centraal Instituut Voor Giraal Effectenverkeer BV” nəzarət edir.