“ADY Konteyner” təmassız yükdaşımaya başlayır

59

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Konteyner” MMC koronavirus pandemiyası ilə mübarizə çərçivəsində yükdaşımada təmassız keçidi təmin etmək üçün bu gündən fider tipli Balkan gəmisinin istifadəsinə başlayır.

“Report” xəbər verir ki, bu barədə şirkətin direktoru Natiq Cəfərov məlumat verib.

Onun sözlərinə görə, 120 TEU tutumu olan bu gəmi ilə Türkiyədən Azərbaycan ərazisi ilə Orta Asiya ölkələrinə konteyner yükləri daşınacaq: “Türkmənistan, Qırğızıstan, Özbəkistan və Əfqanıstan üzərindən yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş fider tipli Balkan gəmisi həftədə bir dəfə fəaliyyət göstərəcək. Daşınan yükün həcmi artarsa, bu gəminin həftədə iki dəfə istifadəsi nəzərdə tutulur. Prosesə “ADY Konteyner”lə yanaşı, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Türkiyənin logistika mərkəzi dəstək verir”.

N.Cəfərov əlavə edib ki, növbəti mərhələdə Türkiyənin İstanbul şəhərinin Dərinci limanından, eləcə də Mersin limanından qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək, onlar Orta Asiyaya daşınacaq. 

Direktor fider tipli Balkan gəmisinin post koronavirus dövründə də fəaliyyət göstərməsi imkanlarına münasibət bildirib: “Hələ ki, gəmidən istifadə olunması  pandemiyanın yükdaşıma sahəsinə mənfi təsirinin azaldılması istiqamətində görülmüş tədbir sayılır. Konteynerləşdirmə prosesi davam etdikcə gəminin istifadəsi daimi xidmət xarakteri daşıyacaq”.