Bakı Limanında ilk dəfə səpkili yük konteynerlə daşınıb

65

Bakı Limanında Türkmənistandan daxil olmuş səpkili yükün (karbamidin) konteyner vasitəsi ilə nəql olunması həyata keçirilib.

Limandan “APA-Economics”ə verilən məlumata görə, ənənəvi olaraq səpkili yüklər xüsusi “hopper” vaqonlar vasitəsi ilə daşınır. Bakı Limanı bundan sonra səpkili yükləri həm vaqon, həm də konteyner vasitəsi ilə daşıyaraq, yüklərin aşırılmasında vaxt və daşınma üsulu baxımdan üstünlük əldə edəcək.

Məlumata əsasən, Bakı Limanında inşa edilən və səpkili yükün konteynerə boşaldılmasını təmin edən xüsusi qurğu vasitəsi ilə 1 300 ton karbamid 62 ədəd 20 funtluq konteynerə yüklənərək Türkiyəyə yola salınıb. Bu üsulla mütəmadi olaraq yüklərin daşınması həyata keçiriləcək.

Dünya bazarlarında yüksək tələbata malik və əsasən kənd təsərrüfatında istifadə olunan karbamidin daşınması Bakı Limanı ilə “Azərbaycan Dəmir Yolları” QSC əməkdaşlığı sayəsində mümkün olub.

Xatırladaq ki, cari ilin yanvarın 17-də Bakı Limanı ilə Azərbaycan Dəmir Yollarının törəmə şirkəti olan “ADY Konteyner” MMC arasında Orta Dəhliz (Middle Corridor) üzrə hərəkət edən konteyner yükdaşımaları sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və birgə koordinasiyası, eyni zamanda, əməliyyat proseslərinin bütün mərhələlərində əməkdaşlığa dair razılaşma sənədi imzalanıb.