Koronovirusla ağır mübarizə dövründə Azərbaycan Türk dövlətlərinin mənafeyi naminə yükdaşımaları 200 min tondan aşırdı…

269

Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Prezident İlham Əliyev çıxışında bildirib ki, fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir:

“Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir. Ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur”.

Bu nəticənin əldə olunmasında Azərbaycanın gördüyü infrastruktur işləri nə kimi rol oynadı?

İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib:“Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir. Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq, təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Göründüyü kimi, Azərbaycanın ərsəyə gətirdiyi vacib nəqliyyət infrastruktuu türkdilli ölkələr arasındakı logistika imkanlarını genişləndirir. Belə çətin zamanda məhz bu imkanların hesabına Azərbaycan tükdilli ölkələrin mənafeyi üçün öz üzərindən keçən yükdaşımaların həcmini artıra bilib”.

Məhəmmədəli QƏRİBLİ