Azər Allahverənov: “Hesab edirəm ki, məsafə baxımından ən qısa yol Xəzər üzərindən keçir”
“Baş verənlər Xəzər üzərindən nəqliyyat koridorunun mühüm əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyub”. Bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan onu da bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün qurulan dəmir yolunun Orta Asiyaya qədər uzadılması mümkündür: “Bakı-Tbilisi-Qars dəmir yolu ilə gündəlik 3 min 500 ton yük daşınmasına çalışırıq”.
Bu nəqliyyat koridoru ilə yüklərin daşınması prosesinin sadələşdirilməsi, müəyyən güzəştlər edilməsinə ehtiyac olduğunu qeyd edən R. T. Ərdoğan Türk Şurası ticarət və nəqliyyat nazirlərinin də videokonfransının keçirilməsini təklif edib.
Hər bir dövləti dövlət edən onun kommunikasiya imkanlarıdır. Bu sırada dəmir yolunun əhəmiyyəti danılmazdır. İstənilən dövlətin birliyi onun nəqliyyat infrastrukturunun nə dərəcədə inkişaf etməsinə bağlıdır. Tarixə nəzər salsaq, ABŞ-ın superdövlətə çevrilməsi onun ərazisində dəmir yollarının sürətli inşasına bağlıdır. Dəmir yolları ABŞ-ı birləşdirdi, onu monolit bir dövlətə çevirdi. Son illər nəqliyyat sahəsində bir sıra proseslər Azərbaycanın dünyaya çıxışını xeyli asanlaşdırıb. BTQ dəmir yolunun işə salınması yeni imkanlar açıb. Qədim İpək Yolunun bərpası isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınacaq yükün həcminin birə on artmasına şərait yaradıb.
Bütün bu deyilənlərlə yanaşı, BTQ-ni Orta Asiyaya qədər uzatmaq mümkündürmü? Sözügedən ideya reallaşsa, bu, Azərbaycana nə vəd edir?
- “Bunu reallaşdırmaq mümkün olsa, o zaman Azərbaycanın tranzit daşımalardan əldə etdiyi gəlirlərin həcmi daha da artacaq”
Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, prinsipcə, BTQ-ni Orta Asiyaya qədər uzatmaq mümkündür: “Bu gün sözügedən proses müəyyən mənada gedir. Belə ki, Çindən və Orta Asiya ölkələrindən yüklər Xəzər üzərindən bərə yolu ilə daşınır, ondan sonra daşınma BTQ ilə həyata keçirilir. Beləcə yüklər Avropa və yaxud da əks istiqamətdə daşınır. Ümumilikdə, daşınacaq yüklərin həcminin artırılması ilə bağlı işlər görülür. Məlum koronavirusla əlaqədar yükdaşımalar bir qədər azalıb. Bu, beynəlxalq yükdaşımalara da öz təsirini göstərir. Məsələ ondadır ki, karantin rejimi səbəbindən gediş-gəliş məhdudlaşdırılıb. Sözügedən proseslər tranzit daşımalara və ixracata öz təsirini göstərir. Ancaq məlum məsələdir ki, belə vəziyyət uzun çəkməz. Vəziyyət yoluna düşəndən sonra BTQ ilə bağlı əlavə layihələrin gündəmə gəlməsi istisna olunmur. Sözügedən dəmir yolunun Orta Asiyaya qədər uzadılması mümkündür. Nəzərə almaq lazımdır ki, sözügedən istiqamətdə yükdaşıma ilə bağlı potensial böyükdür. Bu ideya ətrafında bir neçə dövlət danışıqlar apara bilər. Hesab edirəm ki, məsafə baxımından ən qısa yol Xəzər üzərindən keçir. Bunu reallaşdırmaq mümkün olsa, o zaman Azərbaycanın tranzit daşımalardan əldə etdiyi gəlirlərin həcmi daha da artacaq”.
Vidadi ORDAHALLI