Dənizçilər qanvermə aksiyasında iştirak ediblər

62

Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsünə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri də qoşulublar.

“Report” quruma istinadən xəbər verir ki, karantin rejiminin tələblərinə uyğun təşkil olunan qanvermə aksiyasında ASCO-nun sədri Rauf Vəliyev də iştirak edib.

ASCO-n Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə keçirilən aksiya “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda baş tutub.

Həkim hemotoloqlar hər bir donorun sağlamlığını əvvəlcədən müəyyən edərək qan götürüb. Toplanan donor qanları Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.

Aksiyada dənizçilər böyük həvəslə iştirak ediblər. Könüllü qan verənlər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Qeyd edək ki, ASCO bu nəcib aksiyada artıq dörd ildir ki, iştirak edir. Hər il 250-dən çox əməkdaş aksiyanın iştirakçısına çevrilir.