Tankerlərdən istifadə haqqı xeyli bahalaşıb

59

Hazırda bütün dünyada neft anbarları qıtlığının üzə çıxması nəticəsində bir çox şirkətlər saxlanc yeri qismində tankerlərdən istifadə etməyə başlayıb. Əvvəllər yalnız xam neft daşıyan supertankerlər və üçüncü sinif tankerlərə marağın və müvafiq olaraq da icarə haqqının artdığı qeydə alınırdısa, hazırda həm xam neft, həm də neft məhsulları daşıyan nisbətən daha kiçik gəmilərə də tələbat artır.

“Report” FT-yə istinadən xəbər verir ki, “Vortexa” analitik mərkəzinin məlumatına görə, tankerlərdə saxlanılan neft məhsullarının həcmi bir ay əvvəl 33,7 milyon tondusa, hazırda 72 milyon tona çatıb.

“Clarksons Platou Securities” dənizçilik və sərmayə şirkətinin məlumatına görə, son həftə ərzində ikinci sinif tankerlərin (80-160 min ton tutumlu) istifadə haqqı iki dəfədən artıq bahalaşaraq gündəlik 173 min ABŞ dolları kimi görünməmiş həddə çatıb. Nisbətən kiçik olan birnci sinif (45-80 min ton tutumlu) tankerlərin də istifadə haqqı iki dəfəyədək artaraq 112 min ABŞ dolları səviyyəsində qərarlaşıb.

Bununla yanaşı, yalnız xam neft daşıya bilən supertankerlərin isə istifadə haqqının martın ortalarındakı 400 min ABŞ dollarından vur-tut 167 min ABŞ dollarınadək azaldığı da qeyd olunur.

Xatırladaq ki, koronavirus pandemiyası nəticəsində dünya bazarında neft və neft məhsullarına tələbatın kəskin azalması ilə bağlı həmin məhsulların bolluğu yaranıb.