BVF-dən Azərbaycan barədə mübahisəli proqnoz – idxal da, ixrac da azalacaq…

80

Əli Əlirzayev: “…bir sıra hallarda onların proqnozları özünü doğrultmur”

Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən, Azərbaycan 2020-ci ildə cari əməliyyatlar hesabının kəsiri ilə üzləşə bilər. Sözügedən bankın proqnozuna əsasən, 2020-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının kəsiri 2019-cu ildəki 4,4 milyard dollar profisitə qarşı 3,3 milyard dollara çata bilər.

Bununla yanaşı, dünyada işgüzar fəallığı, xarici ticarət əməliyyatlarının həcmini və kapital axınını azaldan koronavirus pandemiyası Azərbaycanın tədiyə balansına, onun əsas komponenti olan cari əməliyyatlar hesabına mənfi təsir göstərib. BVF Azərbaycanın ÜDM-ni 2019-cu ildəki 47,3 milyard dollara qarşı 40 milyard dollar səviyyəsində proqnozlaşdırır və cari əməliyyatlar hesabının göstəricisi 2019-cu ildəki ÜDM-ə nisbətdə 9.2% artıma qarşı bu il ÜDM-ə nisbətdə 8.2% azalacaq.

BVF-nin proqnozuna görə, 2020-ci ildə Azərbaycanın mal və xidmət ixracı 2019-cu ildəki 23,6 milyard dollardan 14.4 milyard dollara, idxal isə 17.7 milyard dollardan 15.2 milyard dollara enə bilər. BVF-nin proqnozuna görə, 2020-ci ildə neft ÜDM-i 2,5% azalacaq, halbuki, 2019-cu ildə 0.3% artım olub.

O da məlumdur ki, neftin qiymətinin davamlı olaraq ucuz səviyyədə qalacağını heç kəs proqnozlaşdırmır. Eyni zamanda, koronavirus pandemiyasının da, əvvəl-axır, bir sonu olacaq. Belə olan halda, BVF-nin məlum proqnozları nə dərəcədə əsaslı sayıla bilər?

  • “Hesab edirəm ki, neftin qiyməti bahalaşsa və pandemiya dayansa, iqtisadi göstəricilər fərqli olar”

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, BVF-nin proqnozlarına yüzdəyüz inanmaq doğru deyil: “Bu o demək deyil ki, iqtisadi göstəricilər məhz deyildiyi kimi olacaq. BVF-nin proqnozları müəyyən iddialara, metodologiyaya əsaslanır. Proqnozlar ən yaxşı və ən pis hal üçün hesablanaraq verilir. Bəli, bizim əsas ixrac məhsulumuz neftdir. Koronavirus səbəbindən neftin dünya bazar qiyməti kəskin ucuzlaşıb. Ucuzlaşma səbəbindən Azərbaycanın valyuta gəlirləri azalıb. Təbii ki, bütün bunlar ümumi iqtisadiyyata öz təsirini göstərir. Ancaq bu o demək deyil ki, neftin qiyməti hər zaman belə ucuz olacaq. Kim zəmanət verir ki, ilin sonuna qədər neft ucuz qalacaq? Ona görə də azalma ilə bağlı BVF-nin proqnozlarına inanmaq doğru deyil. Bunu doqma kimi qəbul etmək olmaz. Biz bəzi məhsullara olan tələbatı daxili imkanlar hesabına təmin etsək, bu, böyük şeydir. BVF, adətən, müəyyən metodoloji vasitələrlə hesablamalar aparır və bir sıra hallarda onların proqnozları özünü doğrultmur. Nəzərə almaq lazımdır ki, bizim də proqnozlarımız var. Məsələ ondadır ki, bəzi məhsulları xaricdən idxal etmək yox, ölkə daxilində istehsal etmək qarşıya məqsəd qoyulub. Bəzi məhsulların ixracını özümüz də azaldarıq ki, daxili tələbatı ödəyək. Bütün bunlarla yanaşı, hesab edirəm ki, neftin qiyməti bahalaşsa və pandemiya dayansa, iqtisadi göstəricilər fərqli olar”.

Vidadi ORDAHALLI