“Lapis Lazuri” layihəsi Azərbaycan üçün nə vəd edir?

73

2017-ci il noyabrın 15-də Aşqabad şəhərində Əfqanıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında tranzit daşımaların sərbəst axınını, nəqliyyat, gömrük və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi yolu ilə regionlararası bağlantıları inkişaf etdirmək, bu ölkələrin ərazilərindən yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin sərbəst hərəkətini asanlaşdırmaq, tranzit daşımalarına zəruri yardımı təmin etmək, həmin ölkələrin əraziləri boyunca yüklərin, sərnişinlərin və nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə “Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişi” (Lapis Lazuli Marşrutu Sazişi) imzalandı.

Konkret olaraq desək, sazişin əsas hədəflərindən biri dənizə çıxışı olmayan Əfqanıstanın regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edildi. Layihəyə əsasən dəhlizin başlanğıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti) təyin olundu. Dəhliz vasitəsilə ilə yüklərin Əfqanıstandan Türkmənistanın Dəniz Limanına, oradan Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, Bakı limanından dəmiryolu vasitəsilə Gürcüstanın Poti və Batumi limanlarına, ordan Türkiyəyə və ən sonda Avropa ölkələrinə daşınması nəzərdə tutuldu. Türkmənistan tərəfi bu sazişi 2017-ci il noyabrın 27-də, Azərbaycan 2018-ci il noyabrın 27-də, Türkiyə isə bu il aprelin 14-də təsdiq etdi.

Xatırladaq ki, Azərbaycan bundan öncə də dünya bazarlarına, xüsusilə açıq dənizə çıxmaq üçün bir neçə beynəlxalq nəqliyyat və yükdaşıma marşrutlarına qoşulmuşdu. 

Belə marşrutlardan birini özündə ehtiva edən “TRACECA” Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev “Reporta” verdiyi açıqlamasında “Lapis-Lazuli” sazişinin də Azərbaycan üçün önəmini vurğulayıb:

“Lapis Lazuli” Şərqdən Qərbə uzanan nəqliyyat dəhlizinin yaradılması istiqamətində imzalanmış sonuncu sazişdir. Bu saziş Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərindən olan nazirlər arasında imzalanıb. Əslində “Lapis-Lazuli” sazişi elə birbaşa “TRACECA” dəhlizinin bir hissəsini təkrarlayır. Demək olar ki, bunların hər ikisi eyni marşrutdur. Amma “TRACECA” Əfqanıstanı əhatə etmirdi. Əfqanıstan bir neçə il “TRACECA”-nın üzvlüyünə qəbul edilmək üçün namizəd oldu. Lakin müəyyən səbəblərə görə bu üzvlük baş tutmadı. Əgər Əfqanıstan “TRACECA”-ya üzv olsa idi “Lapis-Lazuli” sazişinə ehtiyac qalmayacaqdı. Həmin marşrutla Əfqanıstandan yükləri Türkmənistan, Azərbaycan, Türkiyə və Avropaya çatdırmaq mümkün olacaqdı. Lakin dövlətlərarsı müəyyən prosedurlar bunun baş verməsinə imkan vermədi. Biz 2005-ci ildə “TRACECA” Hökumətlərarası sazişi ilə bağlı İran və Əfqanıstanı eyni vaxtda qəbul etmişdik. Sonra İran tərəfi həmin qərarı ratifikasiya etdi. Əfqanıstan isə ratifikasiya etmək istəyəndə İranın razılığı olmadı. “TRACECA”-da belə bir qayda var ki, bir ölkənin üzv olması üçün gərək bütün dövlətlər razılıq versinlər. Beləliklə, Əfqanıstan bu marşrutdan qıraqda qaldı.

Əfqanıstan ağır vəziyyətdə olan dövlətdir və dünya bazarlarına çıxmaq istəyir. Üstəlik Türkmənistan da dünya bazarlarına çıxmaqda maraqlıdır. Bu maraqların uzlaşması nəticəsində “Lapis-Lazuli” sazişi imzalandı və Azərbaycan da bu sazişə razılıq verdi. Hazırda bu dəhliz üzrə böyük bir canlanma olduğunu demək həqiqətə uyğun olmaz. Müəyyən daşımalar gedir. Lakin ən çox daşımalar “TRACECA”, yəni Avropa, Qafqaz, Asiya nəqliyyat dəhlizi ilə aparılır. Sözügedən coğrafi xətdə əsas marşrut “TRACECA”-dır. Bu, 1998-ci ildə 12 dövlət başçısının imzası ilə qəbul olunan sazişdir və çox önəmli bir sənəddir. Bu sənəddə bütün tranzit daşımaları, güzəşt tətbiqləri, dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, hava yolu və digər sahələrlə bağlı bütün məsələlər əhatə olunub. Artıq neçə illərdir ki, “TRACECA” marşrutu vasitəsilə milyonlarla ton yük daşınır. Bakı-Tbilisi-Qars xətti fəaliyyətə başlayandan sonra bu daşımalar bir az da artıb. Bununla bərabər, “Lapis-Lazuli” sazişinin də bağlanmasının heç bir zərəri yoxdur, əksinə faydası var. Əfqanıstan və Türkmənistan ərazisindən də Azərbaycana yüklər gələcək ki, bu da müsbət haldır. Lakin bu işlərin həyata keçirilməsində maneələr də çoxdur. Bəzən yüklərin daşınması ölkələrin sərhədlərində ləngidilir. İndiki şəraitdə koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu maneələr daha da artıb. Yük daşımalar üçün sərhədlər açıq olsa da, karantinlə əlaqədar bir neçə gün sərhəddə gözləmə, yoxlama-dezinfeksiya məsələləri və digər proseslər müəyyən qədər maşınları ləngidir. Maşınlar sərhəddə bir neçə gün gözlədilir, koronavirus təhlükəsinin olmadığı dəqiqləşdiriləndən sonra dezinfeksiya edilib ölkəyə buraxılır. Lakin bunlar üzrlü səbəblərdir. Çünki hər bir dövlət ilk növbədə öz əhalisinin sağlamlığını, təhlükəsizliyini düşünür. Hər bir dövlətin pandemiya ilə əlaqədar özünün qayda-qanunu var”.

A.Mustafayev bildirib ki, “TRACECA” pandemiya dövründə yükdaşımaların sadələşdirilməsi istiqamətində təkliflər hazırlayır:

“Hazırda biz pandemiyanın yayılması şəraitində dövlətlərarası yükdaşımaların sadələşdirilməsi istiqamətində təkliflər hazırlayırıq. Hazırladığımız təkliflər bütün dövlətlərə göndəriləcək. Təkliflər pandemiya şəraitində dövlətlərarası sərhəd-gömrük məntəqələrində həmin dövlətlərin daxili işlərinə qarışmadan yükdaşımalarının sadələşdirilməsi, maneələrin aradan qaldırılması məsələlərini əhatə edəcək. Təkliflərin biri də ondan ibarət ola bilər ki, tranzit maşınlar bir dövlətdə dezinfeksiya olunubsa və bütün proseslərdən keçibsə, qonşu dövlətdə yenidən dezinfeksiya edilməsin. Ola bilsin may ayının ortalarında videokonfrans keçirdik. Həmin videokonfransda TRACECA-ya daxil olan 13 dövlətin milli katibləri iştirak edəcək. Hazırladığımız təklifləri videokonfransda səsləndirəcəyik. Təkliflər digər dövlətlər tərəfindən qəbul olunandan sonra tövsiyə olaraq bütün dövlətlərə paylanılacaq. Çünki bu pandemiyanın hələ yaxın həftələrdə bitəcəyini hiss etmirik. Bu istiqamətdə müsbət mənada müəyyən müdaxilələrimiz olacaq. Biz Asiyadan Avropaya qədər bütün daşıma proseslərini izləyirik. Hansı istiqamətdə maşınların ləngidildiyindən dərhal xəbər tuturuq. Belə ləngimələrin tez-tez yaşandığı ölkələrə tövsiyələr verməyə, onları beynəlxalq təcrübə barədə məlumatlandırmağa çalışırıq”.

Onun sözlərinə görə, hazırda daşımalar davam etdirilsə də, karantinlə əlaqədar təbii olaraq azalmalar müşahidə olunur: “Yəni yükdaşımaları yanvar, fevral ayları və martın birinci 10 günlüyündə olduğu kimi deyil. Çünki koronavirus ölkələrin iqtisadiyyatını çətin vəziyyətə salıb. Hətta Avropa Birliyi ölkələri arasında sərhədlər açıq olsa da, onlarda da müəyyən problemlərin yaşandığından xəbər tuturuq. Dövlətlərin çoxunda istehsalat dayandırılıb və nəticədə əmtəə yoxdur. Əmtəə yoxdursa deməli ticarət də yoxdur və nəticədə külli miqdarda daşımalara ehtiyac yaranmır. Bu proseslərin hamısı bir-birinə zəncirvari bağlıdır”, – A.Mustafayev əlavə edib.