Aralıq dənizində yanan gəminin azərbaycanlı heyət üzvləri Bakıya qayıdıb – EKSKLÜZİV

323

Aprelin 8-də Aralıq dənizində yanan gəminin azərbaycanlı heyət üzvləri bu gün vətənə qayıdıblar.

Bunu “Report”a açıqlamasında yanğın baş verən “Bellatrix” gəmisinin göyərtəsində olmuş baş mexanik Məcidəli Kərimov deyib. 

“Vətənə qayıtmağımızda bizə köməklik göstərən Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirik. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi də sağ olsun, bizə çox yardımçı oldular. Dövlət Komitəsinin əməkdaşları bizimlə müntəzəm maraqlanırdı. Həmçinin ölkəmizin Türkiyədəki səfirliyi ilə də daimi bizimlə təmasda idi. Onlar təxliyəmizə yardımçı oldular. Vətənə sağ-salamat qayıtmağımızda əməyi olan hər kəsə təşəkkür edirəm”, – Məcidəli Kərimov bildirib.

Onun sözlərinə görə, yanğın Malta yaxınlığında açıq dənizdə baş verib. Hadisəyə qısaqapanma səbəb olub. Gəmi heyəti yanğını söndürməyə çalışsa da, bu, güclü küləyə görə mümkün olmayıb.

“12 nəfər idik – 4 azərbaycanlı, 3 hind, 3 ukraynalı, 1 rus, 1 türk. Yanğından sonra bizi başqa gəmiyə mindirdilər. Xəsarət alan olmadı, amma bütün sənədlərimiz yandı. Yanğın olan gecə başqa gəmi bizimlə əlaqəyə girdi. İtaliyaya xəbər verildi, lakin həmin ölkə bizi qəbul etməkdən boyun qaçırdı”, – deyə o bildirib.

M.Kərimov deyib ki, İtaliya tərəfi qəbul etmədiyinə görə onlar Türkiyəyə üz tutublar. Beləliklə, aprelin 12-də dənizçilər Türkiyəyə yola düşüblər və pandemiya səbəbindən bir neçə gün İzmir sahillərindəki gəmidə karantin rejimində qalmalı olublar. Daha sonra İzmir şəhərində 4 gün qalaraq İstanbula yola düşüblər. Nəhayət, İstanbuldan təyyarə ilə Bakıya gələ biliblər.

Xatırladaq ki, aprelin 8-də yanğın baş vermiş “Bellatrix” gəmisində Gürcüstan dənizçilərinin iştirakı ilə xilasetmə əməliyyatı keçirilib. Yanan gəminin heyət üzvlərinin hamısı Panama bayrağı altında üzən və altı gürcüstanlı dənizçinin çalışdığı “ARIFE” yük gəmisi ilə xilas etmək mümkün olub.

Hadisə zamanı gəmidə 4 Azərbaycan vətəndaşı olub: – kapitanın baş köməkçisi Cahangir Əzizli, baş mexanik Məcidəli Kərimov, motorçu Kamil Bədəlov və motorçu Tələt Cəbrayilov.