Norveç ilk dəfə “neft fondu”ndan istifadə etməli olacaq

315

Dünyanın ən böyük dövlət fondu olan Norveç Dövlət Pensiya Fondu tarixdə ilk dəfə koronavirus pandemiyası səbəbindən yaranmış büdcə kəsirini qapamaq üçün aktivlərini satmağa məcbur olacaq.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Fondun həcmi 1 trilyon ABŞ dollarıdır, o, neft gəlirləri hesabına formalaşır. Norveç Bankının rəhbəri Oysten Olsenin sözlərinə görə, aktivlərin satış mexanizmi iqtisadi böhran şəraitində manevr üçün imkanlar yaradır.

Daha əvvəl Norveç hökuməti koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər səbəbi ilə bu il büdcə kəsirinin 20 milyard ABŞ dollarına çata biləcəyini açıqlamışdı.

Fond builki gəlirləri barədə hələ məlumat verməyib, lakin investisiya qoyduğu şirkətlərin dividendləri azaltması səbəbindən bunun azalacağı gözlənilir. 2019-cu ildə fondun gəliri təxminən 23,6 milyard ABŞ dolları təşkil edib.

Əlavə edək ki, mayın 7-də Norveç Bankı koronavirus pandemiyası fonunda tarixi ərzində ilk dəfə əsas faiz dərəcəsini sıfıra endirib. Bankdan verilən məlumata görə, pandemiyanın iqtisadiyyat üçün yaratdığı fəsadlara görə, faiz dərəcəsi uzun müddət mövcud səviyyədə qalacaq.