Dünyanın ən soyuq yeri olan Antarktida koronavirus pandemiyası dövründə həm də ən təhlükəsiz yerə çevrilib.
Lent.az BBC-yə istinadən xəbər verir ki, çoxu araşdırmaçı olan 5 min insanın yaşadığı qitədə indiyə qədər bircə dəfə də olsun yoluxma faktı qeydə alınmayıb.
“Covid-19” infeksiyası yayılmağa başlayanda kruiz gəmilərinin bu bölgəyə səfərləri bitmək üzrə olduğu üçün virus donmuş qayalar məskəninə gəlib çatmadı. Az sonra qitədə qış fəsli başladı və dünyayla əlaqə tamamilə kəsildi.
Pinqvin, suiti və albatroslardan başqa heç bir canlının olmadı qitədə araşdırmaçılar 80-ə yaxın bazada yaşayırlar.
“Elə bil, ayda yaşayırıq”
ABŞ-ın Anvers adasındakı “Palmer” stansiyasının koordinatoru Keri Nelson onlardan biridir.
“Məncə, burda olduğu üçün özünü xoşbəxt hiss etməyən bircə nəfər də yoxdur. Düzdür, bəziləri evlərinə qayıdıb sevdiklərinə kömək etmək, tarixin bu dönəmində insanlara başqa şəkildə yardım etmək istəyirlər. Ancaq hamımız həm xəstəliyin, həm də onun sağlamlığa və həyat tərzinə təsir edən nəticələrinin olmadığı bir yerdə yaşamaqdan məmnunuq” – Nelson CNN televiziyasına müsahibəsində belə deyib.
2007-ci ildən bəri yaz və qış mövsümlərini Antarktidada işləyən Nelson qeyd edir ki, dünyadan təcrid olunmuş halda yaşamalarına baxmayaraq baş verənləri diqqətlə izləyirlər.
Britaniyanın “Rothera” stansiyasının rəhbəri, 29 yaşlı Şotlandiya vətəndaşı Robert Taylor isə deyir ki, yanvar ayının əvvəllərində – Çindən virusla bağlı xəbərlər gəlməyə başlayanda vəziyyətin ciddiliyinin fərqinə varmayıblar:
“Ailəmdən, xüsuslə də nənəmdən narahatam. Sanki Aydayıq və dünyaya yuxarıdan baxırıq. Nələr olduğunu görə bilirik, amma çox uzaqdayıq”.
2018-2019 mövsümündə 56 min turist
Son illərdə turistlərin bu qitəyə marağı artıb. Antarktida Beynəlxalq Tur Operatorları Birliyinin məlumatına görə, 2018-2019 mövsümündə qitəni 56 168 nəfər ziyarət edib. Bu, əvvəlki mövsümlə müqayisədə 40 faiz çoxdur.
2019-2020 mövsümündə isə Antarktidaya 78 500 turist gələcəyi gözlənirdi. Ancaq pandemiyaya görə builki ziyarətlərin hamısı təxirə salınıb. Bu qitəyə turizm mövsümü noyabr-mart aralığını əhatə edir.
Yeni Zelandiya və Avstraliyadan turistlərin olduğu bir kruiz gəmisi Antarktidaya sarı yola çıxmış, ancaq aprel ayının əvvəllərində Uruqvay sahillərində dayanmaq məcburiyyətində qalmışdı.
Gəmi heyəti və 217 sərnişinin 60 faizinin koronavirusa yoluxduğu gəmidən indiyə qədər ancaq vəziyyəti ağır olan 6 nəfər təxliyə edilib.