Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi siyasi nüfuzunu da artıracaq

263

İranın dəniz limanlarının yükaşırma gücü 246 milyon tondan 264 milyondan tona çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Dövlət Limanlar və Gəmiçilik Təşkilatının rəhbəri Məhəmməd Rastad bildirib. O qeyd edib ki, tranzit ölkə kimi İranın limanları daha çox yük qəbul etməyə başlayıb. Limanların yükaşırma gücünün artırılması artıq zərurətə çevrilib. İranın Çabahar, Bəndər-Abbas, Şəhid Rəcayi kimi iri limanları beynəlxalq yükdaşımalarda əhəmiyyətli rola malikdir. İran elə bir coğrafi məkanda yerləşir ki, bu ölkənin ərazisindən, dəmir yollarından və dəniz limanlarından Avropa ilə Asiya arasında tranzit yüklərin daşınması daha qısa zamana və ucuz qiymətə başa gəlir.

Nəzərə çatdırmaq lazımdır ki, bir sıra beynəlxalq nəqliyyat dəhlizləri də məhz İran ərazisindən keçir. Belə dəhlizlərdən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Bu dəhliz vasitəsilə Qərbi Avropa ölkələri ilə körfəz və Cənub Şərqi Asiyadakı ölkələr iqtisadi-ticarət əlaqələrini daha da genişləndirəcək. Hindistanın Mumbai limanından Avropaya daşınacaq yüklər gəmilərlə İranın Çabahar limanına, Körfəz ölkələrindən isə Bəndər-Abbas limanına daxil olacaq. Bu limanlardan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə Rusiyaya, oradan isə Qərbi Avropaya daşınacaq. Əks istiqamətdə də yükdaşımalar intensiv şəkildə həyata keçiriləcək. Təkcə Səudiyyə Ərəbistanı Rusiya, MDB və Avropa ölkələrində 22 milyard dollar həcmində idxal əməliyyatı həyata keçirir. Ümumiyyətlə körfəz ölkələri Rusiyadan taxıl, Avropadan isə ərzaq məhsulları ilə yanaşı, texniki təchizat və tikinti materialları idxal edir.

İranın Dövlət Limanlar və Gəmiçilik Təşkilatının rəhbəri M.Rastadın açıqlaması təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Asiya ilə Avropa arasında yükdaşımalar artdıqca limanların imkanları da artmalıdır ki, sifarişləri yerinə yetirə bilsin. Bunun üçün isə limanların texniki imkanları yenilənməli və əlavə texniki vasitələr alınmalıdır ki, yüklərin daşınmasında gecikmələrə yol verilməsin.

İrana daxil olan tranzit yüklər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Azərbaycanın üzərindən daşınacaq. Bu isə ölkə büdcəsinin gəlirlərini artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Azərbaycan bu prosesin reallaşması üçün az iş görməyib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına qoşulduqdan sonra mühüm tədbirlər həyata keçirilib. İlk növbədə, Bakı Beynəlxalq Ticarət Limanı yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilib. Hazırda liman 25 milyon ton yük, 1 milyon ədəd konteyner aşırma imkanına malikdir. Bununla yanaşı, Bakı-Astara avtomobil yolu yenidən qurularaq istismara verilib. Ən başlıcası isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Astara(Azərbaycan)-Astara(İran) 8,5 kilometrlik dəmir yolu inşa edilib ki, bu da İranla Azərbaycanın dəmir yolları sistemlərini birləşdirib. Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu hazırda İranla Rusiya arasındakı ticarət əlaqələrinin inkişafına mühüm rol oynayır. Hələlik bu yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsi istifadəyə verildikdən sonra isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti tam hazır olacaq. Azərbaycan təkcə qatarların ölkə ərazisindən tranzit kimi istifadə etməsindən gəlir əldə etməyəcək, həmçinin Bakı nəqliyyat və logistika mərkəzinə çevriləcək. Yüklərin həcminin artması və daşımaların intensivləşməsi burada yükdaşıma və dəmir yolları şirkətlərinin nümayəndəliklərinin açılmasına, texniki mərkəzlərin, təmir müəssisələrinin yaradılmasına səbəb olacaq ki, bütün bunlar da yüksək əməkhaqqı ilə minlərlə iş yerləri deməkdir. Yalnız Asiya ölkələri deyil, Avropa dövlətləri də idxal-ixrac əməliyyatlarını “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə həyata keçirməyə çalışacaq. Çünki Rusiya və Azərbaycan üzərindən yüklərin Asiyaya göndərilməsi zaman baxımından tez, xərc baxımından isə ucuz başa gəlir. Müasir biznesdə isə zaman qazanmaq və az xərclə çox iş görmək olduqca əhəmiyyətlidir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan nəinki regionda, ümumiyyətlə bütün dünyada ən sabit dövlətlərdən biridir. Bu isə o deməkdir ki, Azərbaycan öz ərazisindən keçən bütün yüklərin təhlükəsiz mənzil başına çatdırılmasını təmin etmək imkanına malikdir. Bütün bunlar nəticəsində Azərbaycanın dünyada siyasi nüfuzu daha da artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır