IGB kəmərinin tikintisi üçün 70 km-dən çox boru kəməri əraziyə çatdırılıb

27

Azərbaycan təbii qazını Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria: IGB) inşası üçün nəzərdə tutulmuş 70 kilometrdən artıq boru kəməri iki ölkənin ərazisinə çatdırıb.

“Report” xəbər verir ki, bu barədə boru kəməri layihəsini həyata keçirən ICGB şirkəti məlumat yayıb.

Məlumata görə, artıq xəndəklərin qazılması və boruların düzülməsi ilə bağlı aktiv işlər aparılır.

Bolqarıstan ərazisində boru kəmərlərinin düzülməsi 7 kilometrə çatıb. May ayının əvvəlindən isə boruların qaynaqlanması işləri aparılır və hazırda 50 qaynaq proseduru həyata keçirilib. Avtomatik qaynaq işlərinə isə yaxın zamanlarda başlanılacaq.

Bildirilir ki, IGB layihəsinin marşrutu üzrə 50 kilometrə yaxın torpaq sahəsi təmizlənib. Bunun 35 kilometri Bolqarıstan, qalan hissəsi isə Yunanıstan ərazisindən baş tutub.

Xatırladaq ki, bu gün Bolqarıstanın baş naziri Boyko Borisov layihənin Moqila qəsəbəsi yaxınlığında aparılan inşaat sahələrindən birinə baş çəkib, energetika naziri Temenujka Petkova ilə birgə aparılan inşaat işləri ilə tanış olub.

Qeyd edək ki, IGB Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. İGB-nin sərmayə dəyəri 220 milyon avrodur.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Boru kəmərinin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.