Qlobal Veb Forumu çərçivəsində ticarət və logistika mövzusuna həsr olunmuş panel keçirilib
296
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVID -19-a qarşı görülən çevik tədbirlər” mövzusunda Qlobal Veb Forumu çərçivəsində ticarət və logistika mövzusuna həsr olunmuş panel keçirilib.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Ticarət Logistika bölməsinin rəhbəri Yan Hofmanın, Böyük Xəzər Assosiyasının Prezidenti Murat Seitnepesovun, ticarət və logistikanın İKT həlləri üzrə eksperti Maks Enin qatıldığı forumda Bakı Limanının Baş direktoru Taleh Ziyadov qonaqların diqqətini Orta Dəhliz (Middle Corridor) adlandırılan marşrutun əhəmiyyətinə cəlb edib.
Baş direktor qeyd edib ki, COVID-19 pandemiyası dövründə adı çəkilən marşrutun qlobal səviyyədə əhəmiyyəti daha bariz formada nümayiş olundu. Digər qlobal nəqliyyat və logistika dəhlizlərində məhdudiyyətlər tətbiq olunsa da, Orta Dəhliz tam gücü ilə fəaliyyətini davam etdirdi və Avropa ilə Çin arasında yüklərin daşınmasında etibarlı dəhliz olduğunu sübut etdi. Avropa-Orta Asiya-Çin və əks istiqamətdə ticarət dövriyyəsinin artımı buna sübutdur. Qeyd olundu ki, 2020-ci ilin ilk 4 ayında (yanvar-aprel ayları) Bakı Limanında yükaşırmanın həcmi 22 faiz artaraq 1,72 milyon ton olmuşdur. Bunlardan təkərli texnikanın aşırılması 22,4 faiz (11 399 TIR), quru yük aşırılması 4,4 dəfə (261 min ton), konteyner isə 6,7faiz (10.767 TEU) artmışdır. Bakı Limanında COVID-19 pandemiyası ilə mübarizə tədbiri barədə ətraflı məlumat verən Taleh Ziyadov bildirib ki, Bakı Limanı COVID-19 pandemiyasından qorunmaq məqsədi ilə daimi olaraq gücləndirilmiş iş rejimində işləyir və davamlı olaraq dezinfeksiya tədbirləri keçirilir. Əlavə olaraq, Baş direktor bildirib ki, virusun yarada biləcəyi təhlükəni minimuma endirmək məqsədi ilə liman daxilində müvəqqəti saxlanma-karantin və steril (təmiz) zonalar yaradılıb. Limana daxil olan hər bir TIR sürücüsü müvəqqəti saxlanma-karantin zonasında test olunur və yalnız nəticələr mənfi çıxdığı təqdirdə steril zonaya yola salınır. Mart ayının 18-dən etibarən liman ərazisində xarici TIR sürücüləri və yerli əməkdaşlar da daxil olmaqla 2266 şəxs test olunub. Eyni zamanda, liman xidmətlərindən istifadə edən sürücülərin böyük əksəriyyətinin “Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsindən daxil olduğunu nəzərə alaraq, liman əməkdaşları sözügedən məntəqədə Dövlət Gömrük Komitəsi, TƏBİB və Referance hospitalının əməkdaşları ilə birgə sürücülərin müayinəsini təşkil ediblər və aprel ayının 12-dən başlayaraq 1.318 şəxs test olunub. Ümumiyyətlə pandemiya başlayan dövrdən bu günə kimi 4000 yaxın sürücü və digər şəxslər test ediliblər. Sonda Baş direktor Taleh Ziyadov qeyd edib ki, bütün bu tədbirlər Orta Dəhlizin stabil və operativ işləməsini təmin edib.
Qeyd olunan dövr ərzində əldə olunan təcrübə Qazaxıstan və Türkmənistan həmkarları ilə də bölüşülübdür.