SOCAR-ın Qara dənizdəki neft terminalı 12 ildə 27 mln. tona yaxın yük göndərib

61

SOCAR-ın Gürcüstandakı Kulevi Neft Terminalı fəaliyyət göstərdiyi 12 ildə (2008-ci ili mayın 16-da istifadəyə verilib) 26 861 263 ton həcmində yük qəbul edib, 26 642 480 ton neft və neft məhsulları göndərib.

“APA-Economics”in terminala istinadən verdiyi məlumata görə, hesabat dövründə terminalda 418 554 dəmiryolu sisterni boşaldılıb, 14 627 isə yüklənilib.

“Bu dövrdə ümumilikdə 1 802 gəmiyə xidmət göstərilib, bunlardan 1 592-si yüklənilmiş, 210-u isə boşaldılmış tankerlərdir”, – məlumatda qeyd edilir.

Qeyd edək ki, Kulevi terminalı neft və neft məhsullarının tranziti üçün nəzərdə tutulub. Dəmiryolu və gəmilər vasitəsilə nəql olunan məhsullar burada boşaldılır, rezervuarlarda saxlanılır və gəmilərə yüklənir. Burada əməliyyatlara 2008-ci il mayın 16-da başlanılıb.

Yüklərin boşaldılması 4 xətli körpülərdə həyata keçirilir ki, bu da eyni zamanda 168 dəmiryolu çən-vaqonun boşaldılmasına imkan verir. Terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.