Yeni Zelandiya “Ruby Princess” kruiz layneri ilə bağlı təhqiqata başlayıb

30

Mayın 18-də Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern bəyan edib ki, ölkənin gömrük xidməti Avstraliyada koronavirusun yayılmasında şübhəli bilinən “Ruby Princess” kruiz layneri ilə bağlı təhqiqata başlayıb.

AZƏRTAC “New Zealand Herald” qəzetinə istinadla xəbər verir ki, həmin layner martın 11-dən 15-dək kruizdə olan müddətdə Yeni Zelandiyada, o cümlədən Danidin, Akaroa, Vellinqton və Tauranqa şəhərlərində dayanıb. Hoks-Bey regionunda COVID-19 virusunun ən azı 16 nəfərdə aşkar edilməsi məhz “Ruby Princess” laynerinin burada dayanması ilə əlaqələndirilir.

Bundan sonra Avstraliyanın Sidney limanına yaxınlaşan gəminin sərnişinlərinə onların bir çoxunun özünü pis hiss etməsinə baxmayaraq, sahilə çıxmasına icazə verilib. “Ruby Princess” gəmisinin Sidneyə martın 19-da çatdığı və sərnişinlərin heç bir karantin prosedurana əməl etmədən sahilə çıxdığı bildirilir. Qeyd edilir ki, Avstraliyada hər on nəfərdən birinin koronavirusa yoluxması və 20 nəfərin ölümü məhz bu gəmi ilə əlaqəlidir.

Həmçinin Yeni Cənubi Uels ştatı polisinin də kruiz təşkilatçılarının laynerin göyərtəsində olan sərnişinlərin Sidney limanın daxil olmazdan əvvəl yeni koronavirusa yoluxması ilə bağlı məlumatlı olduqlarını aydınlaşdırmaq üçün təhqiqata başladığı qeyd edilir.

Əlavə olaraq bildirək ki, son məlumatlara əsasən, Yeni Zelandiyada 1100 nəfərdən çox koronavirusa yoluxan var və onlardan 21-i ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır