AÇG və “Şahdəniz” yataqlarından hasilat və ixrac göstəriciləri açıqlanıb

306

İstismara veriləndən bu il mayın 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından535 mln. ton neft (kondensatla birlikdə), 293 mlrd. kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, bu yataqlardan 538,7 mln. ton neft (kondensatla birlikdə), 81,6 mlrd. kubmetr qaz isə ixraca nəql olunub.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.