Xəzərdə boru kəmərlərini yoxlayan aparatda nasazlıq yarandı

58

Mayın 21-də BP şirkəti ilə bağlanılmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yerləşən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçirən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında nasazlıq yaranıb və idarəetməni itirməsi səbəbindən aparat küləyin təsiri ilə açıq dənizə doğru səmtlənib.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. 

“Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında köməklik göstərilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə müraciət edib.

Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış tədbirlərinə cəlb edilib və 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınıb və təhlükəsiz yerə gətirilib.