Mübariz Mənsimov: “Dua edirəm ki, dualarınız qəbul olunsun”

57

“Palmali” şirkətinin prezidenti, Azərbaycanlı iş adamı, hazırda İstanbuldakı Silivri həbsxanasında əsassız ittihamlarla saxlanılan Mübariz Mənsimov soydaşlarını müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edib.

AKTUAL TV xəbər verir ki, Mənsimov sosial şəbəkə hesabındakı paylaşımında bunları yazıb:

“Əziz Qardaşlar və Bacılar!

Bu gün hamımız müqəddəs Ramazan bayramını qeyd edirik. “Palmali” ailəsinin hər bir üzvü də daxil olmaqla, hamınızı, ailələrinizi, yaxınlarınızı, qohum və dostlarınızı təbrik edirəm. Uca və Gözəl Allah Sizi rəhməti və şəfaəti, ruzi və bərəkəti ilə şərəfləndirsin. Sizin hər biriniz üçün dua edirəm. Dua edirəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu daha da möhkəm və sarsılmaz olsun, inkişaf etsin və yeni üfüqlər fəth etsin. Dua edirəm ki, vətənim Azərbaycan işğal olunmuş Qarabağı və digər tarixi torpaqlarımızı düşmənlərin tapdağından azad etsin və mən bu azadlıq mücadiləsinə canımla-qanımla Vətən qarşısında borcumu verim. Dua edirəm ki, gözləri yolda qalan atalar və analar öz övladlarına qovuşsunlar, oğul və qızlarımız heç vaxt valideyn həsrəti çəkməsinlər, üzlərindən o məsum, həyatımızın mənası olan məsum təbəssümlər heç bir zaman əskik olmasın. Dua edirəm ki, hər birimizin övladı öz ağlı, savadı, biliyi və bacarığı ilə Vətənimizin xidmətində layiqli şəkildə dayansın, ruhən, mənən və cismən mübariz olsunlar. Dua edirəm ki, övladlarımıza savad verən müəllimlərin əllərindən və alınlarından öpəsiniz, onları həmişə böyük hörmət və izzətlə qarşılayıb yola salasınız, çünki müəllim gələcəyimizin işıq mənbəyidir. Dua edirəm ki, hər bir ata evinin qapısını açarkən övladına hədiyyə uzatsın və dua edirəm ki, heç bir ailə aclığın, çarəsizliyin və itkinin nə olduğunu heç vaxt bilməsin. Dua edirəm ki, süfrənizdəki nemətləri qonşularınızla, imkansızlarla paylaşasınız. Dua edirəm ki, xeyirxah olasınız, bir nənənin, bir ağsaqqalın əlindən tutub ona kömək edəsiniz və bununla da rəhmət sahibi olasınız. Dua edirəm ki, qeyrətli, haqqı nahaqqa satmayan, kişiliyi həyatının amalına çevirən İNSAN olasınız. Bundan böyük nemət yoxdur. Dua edirəm ki, Qüdrətli Allah dualarınızı qəbul etsin. Müqəddəs Ramazan bayramınız Mübarək olsun!

Sizin Mübariz.”