Norveç hökuməti gələcəyin dayanıqlı inkişafı yönündə yaşıl iş yerləri yaratmaq və sahibkarlıq sektoruna yardım etmək niyyətindədir.Ölkəni ekoloji təmiz enerji ilə təmin etmək istiqamətində yeni tədqiqat mərkəzi yaradılıb.
Bu barədə AZƏRTAC Norveç hökumətinin pres-relizinə istinadla məlumat verir.
Bundan əlavə, ölkənin Neft və Energetika Nazirliyi dənizdə istifadə olunan külək enerjisi turbinlərinin modellərinin daha da təkmilləşdirilməsi üçün layihənin həyata keçirilməsinə vəsait ayırıb.
Layihə, həmçinin təmiz enerjinin alınması üçün xüsusi mərkəz yaratmaq yolu ilə sənaye, institut və elmi dairələrdə geniş və strukturlaşdırılmış istiqamətləri müəyyənləşdirməyi nəzərdə tutur. Tədqiqat fəaliyyəti əsasən dəniz küləyi enerjisi ilə bağlı problemlərin həllinə yönəldiləcək.
“Biz yaşıl iş yerlərinin təşkili və gələcəyin daha dayanıqlı inkişafı naminə əlverişli biznes mühiti yaratmaq istəyirik. Bu məqsədlə yaradılmış tədqiqat mərkəzi ölkədə dəniz və külək enerjisinin inkişaf etdirilməsi ilə bağlı müxtəlif problemləri həll etməkdən ötrü bu sahə üzrə institutlarda və elmi mərkəzlərdə çalışan ən yaxşı istedadları bir araya gətirəcək”, — deyə Norveçin Neft və Energetika naziri Tina Bru bəyan edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır