Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbu orqanı olan “Dəniz” qəzetinin ASCO-nun pandemiya dövründəki fəaliyyətinə həsr olunmuş nəfis tərtibatlı, rəngli, 32 səhifəlik xüsusi buraxılışı işıq üzü görüb.
“Əlbəttə ki, bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında səsləndirdiyi və “Dəniz”in birinci səhifəsində başlığa çıxarılan bu dəyərli sözlər həm də xüsisi buraxılışın çap olunması zərurətini açıqlayır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin kollektivə yeni koronavirusun sərhədlərimizi təzə aşdığı günlərdə ünvanladığı müraciətdə üzən heyətin göstərdiyi fədakarlıqdan söz açılır, məhz onların dənizdə fasiləsiz fəaliyyəti hesabına ASCO-nun istər yükdaşımalarda rol oynayan, istərsə də neft-qaz sənayesinə xidmət göstərən gəmilərin əvvəlki qaydada istismar olunduğu qeyd edilir, gəmiçilikdə çalışan hər kəs ilk növbədə sosial məsuliyyətli davranmağa dəvət olunur, qurumun rəhbərliyi tərəfindən əməkdaşların sağlamlığı və təhlükəsizliyi, sosial rifahında çətinliklərin yaranmaması üçün bütün tədbirlərin görüləcəyi bildirilir.
ASCO-nun gəmi təmiri zavodlarında son aylarda açıq dənizə yola salınan müxtəlif təyinatlı gəmilər təkcə göz oxşamırdılar. “Pandemiya dövründə də gəmi təmirçilərinin əlləri işdən soyumayıb” rubrikası altında dərc olunan yazılardan bəlli olur ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu və “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir işləri həmişəki kimi yüksək səviyyədə – beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.
Taleyini dənizçiliklə bağlayanları çətin günlərin dostu hesab edənlər az deyil. “Dənizçilər həm də qanverməklə həyat xilas edirlər” sərlövhəli yazıya göz gəzdirənlər buna bir daha əmin ola bilərlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsünə ilk qoşulanlardan biri də dənizçilər kollektivi idi.
Karantin günlərində ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması ilə yanaşı, bir bazardan asılılığının aradan qaldırılması üçün xarici sularda fəaliyyətinin möhkəmləndirilməsinə də xüsusi diqqət yetirildi. Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən “Laçın” tankeri bu yaxınlarda beynəlxalq sulara yola salınanda sevinən təkcə dənizçilər deyildi.
“Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankeri xarici sularda istismar ediləcək” sərlövhəli yazıda tamaşasına iki gözün kifayət etmədiyi gəmi ilə bağlı sizi maraqlandıran bir çox suallara ətraflı cavab tapa biləcəksiniz.
Xüsusi buraxılışda koronavirusla bağlı ilk günlərdən keçirilən qabaqlayıcı tədbirlərdən, ASCO-da fasiləsiz iş rejiminin necə təmin olunmasından, əməkdaşların müasir iş mədəniyyətinin bir hissəsinə çevrilən məsafədən işləmək bacarığından, dənizçilərin təbiət etibarı ilə intizamlı olmalarının Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “COVID-19”-la mübarizədə işə çox yaramasından, gələcəyin dənizçilərinin distant təhsilindən, qayğıya ehtiyacı olanların pandemiya dövründə də diqqətdən kənarda qalmamalarından bəhs edən yazılar da əksini tapıb.
Buraxılışda ASCO-nun xüsusi karantin rejimi dövründə həyata keçirdiyi layihələr, həvəslə qoşulduğu aksiyalar, donanma, idarə, müəssisə və təşkilatlarında gerçəkləşdirdiyi zəruri tədbirlər barədə də ətraflı məlumat alacaqsınız.
“Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq” – möhtərəm prezidentimiz İlham Əliyevin bu sözlərini isə “”Dəniz”in xüsusi buraxılışının ümumi leytmotivi də hesab etmək olar.
Qəzetin PDF variantı ilə BURADAN tanış ola bilərsiniz.