Daha 25 Qazaxıstan vətəndaşı Bakıdan öz ölkələrinə yola salınıb

247

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlər bağlandığı üçün ölkəmizdə qalan daha 25 Qazaxıstan vətəndaşı iyunun 10-da ölkələrinə yola salınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Qazaxıstanda yaşamaq hüququ olan 9 Azərbaycan və 1 Gürcüstan vətəndaşı da yola düşüb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1 ” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq, Bakı Limanında COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiriliblər və testin nəticələri bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, bu ilin may ayının 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib. Bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.

Qeyd edək ki, may və iyun ayı ərzində 53 Qazaxıstan vətəndaşı və 14 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır